İstanbul-2027 üçün Avropa olimpiya komitəsinin ilk iclası uğurla başa çatıb

2027-ci ildə keçiriləcək 4-cü Avropa oyunları üzrə AOK koordinasiya komissiyasına bu qurumun icraiyyə komitəsinin üzvü və Rumıniya milli olimpiya komitəsinin prezidenti Mixay Kovaliu sədrlik edir. Allsport.az saytı AOK-un mətbuat katibi Patrik Börkə istinadən xəbər verir ki, o, İstanbulda ilk 2-günlük iclasını uğurla başa vurub. Rəsmi görüşdə AOK prezidenti Spiros Kapralos, AOK baş katibi Karlo Mornati, Türkiyə gənclər və idman naziri Osman Eşqin Bax, İstanbul meri vəzifəsini icra edən Nuri Aslan, Türkiyə MOK prezidenti Əhməd Gülüm və İstanbul-2027 Avropa oyunları təşkilat komitəsinin prezidenti Vəli Ozan Çağır da daxil olmaqla, Avropa oyunlarının təşkilinə töhfə verəcək bütün maraqlı tərəflərin nümayəndələri qatılıblar.

AOK Komissiyasının üzvləri gələn il qitənin ən böyük çoxnövlü idman tədbirində Avropanın ən yaxşı idmançılarını qarşılamağa hazırlaşarkən hazırlıqların ümumi vəziyyəti ilə bağlı müsbət yeniliklər alıblar. Onlar həmçinin büdcəni, Avropa oyunlarının baş planını, İstanbulun təklif etdiyi təsirli infrastrukturu və idmançılara 2028-ci ildə Los Ancelesdə keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanmaq fürsəti verəcək və 2026-cı ilin sonlarında təsdiqlənəcək idman proqramını müzakirə ediblər.

Toplantı çərçivəsində İstanbul ətrafındakı idman məkanlarına və İdmançılar kəndlərinə səfər təşkil olunub. AOK başqanı Spiros Kapralos uğurlu səfərə töhfə verən hər kəsə minnətdarlığını bildirib. O deyib: “Bu, İstanbula, Krakov Malopolska-2023-ün uğurunu davam etdirmək və ən yaxşı Avropa oyunlarına ev sahibliyi etmək üçün əla mövqedə olduğunu gördüyümüz möhtəşəm idman şəhəri olan İstanbula ümidverici bir səfər idi”.

Sədr cənab Kovaliu komissiyanın İstanbulda keçirdiyi vaxtı müsbət qiymətləndirib. Sitat: “Bu, 2027-ci ildə keçiriləcək 4-cü Avropa oyunlarına hazırlıqlarımızda mühüm bir an idi və Türkiyədəki tərəfdaşlarımızla artıq böyük bir əməkdaşlıq və dostluq ruhu qurduğumuzdan məmnunam.

Təşkilat komitəsinin artıq əldə etdiyi irəliləyişlər barədə eşitməklə yanaşı, koordinasiya komissiyasının tərəfdaşlarımızın gələn il yaddaqalan bir tədbir keçirməyə hazır olmalarını təmin etmək üçün atacağı addımları və vaxt cədvəlini ətraflı şəkildə eşitməsi çox vacib idi. Qarşıda çox vacib işlər qalsa da, açıq şəkildə güclü potensial və bilik mövcuddur.”

Türkiyə gənclər və idman naziri İstanbul-2027-nin Avropaya ilham vermək qabiliyyətinə inamını vurğulayıb. Osman Eşqin Bax deyib: “Mən qəti şəkildə inanıram ki, 2027-ci il İstanbul Avropa oyunları bu fövqəladə şəhərdə idmanın birləşdirici gücünü, Avropanın ortaq dəyərlərini və olimpiya ideallarını maksimum təsirlə nümayiş etdirəcək.

2027-ci il İstanbul Avropa oyunları sadəcə bir idman tədbirindən daha çox şey olacaq; Bu, Avropa idman hərəkatına yeni dinamizm qatan, idmanı mədəniyyətlə, şəhər həyatını isə olimpiya dəyərləri ilə birləşdirən bir etalon tədbir olacaq”.

Həmin kateqoriyadan