- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam həmrəyliyi oyunlarında güləş yarışı davam edir.
Allsport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
Yunan-Roma güləşi
Murad Əhmədiyev (97 kq) misirli Məhəmməd Qabraya tam üstünlüklə (8:0), türkiyəli Bəytullah Qayışdağa isə 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə iranlı olimpiya və ikiqat dünya çempionu Məhəmməd Saraviyə 1:5 hesabıyla məğlub olub və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
Beka Kandelaki (130 kq) “A” qrupunda misirli Əbdüllətif Məhəmməd (3:4) və iranlı Fərdin Hidayətiyə (0:8) uduzub.
Qadın güləşi
Jalə Əliyeva (57 kq) “A” qrupunda tunisli Çad Jeljeli və banqladeşli Mimdən “tuş”la, türkiyəli Elvirə Kamaloğludan isə 19:10 hesabıyla üstün olub. Qrupu maksimum nəticəylə lider başa vuran millimizin lideri yarımfinalda qırğızıstanlı Səzim Cümənəzərovanın da kürəyini yerə sıxaraq, vaxtından əvvəl adını finala yazdırıb. Əliyeva son görüşdə yenidən Elvirəylə qarşılaşıb. Türkiyəli güləşçiyə 6:2 hesabıyla qalib gələn Jalə titulunu qoruyub və ikinci dəfə İslam həmrəyliyi oyunlarında qızıl medal qazanıb.
Elnurə Məmmədova (50 kq) “B” qrupunda türkiyəli Zəhra Dəmirxanı 8:5 hesabıyla üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmayıb – 2:12. Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimiz özbəkistanlı Ağtəngə Keunimjayevaya (0:10) müqavimət göstərə bilməyib. Ancaq əlcəzairli Şebila Şeymadan (5:0) güclü olan Elnurə bürünc medalı boynundan asıb.
Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı Aruuke Qədirbəyqızıya 4:11 hesabıyla məğlub oldu.
Sabah daha 5 güləşçimiz xalçaya çıxacaq.