Karyerasını bitirdi. “Hər kəs üçün darıxacağam”

Qadın güləşi üzrə Azərbaycan komandasının üzvü Elis Manolova idmançı karyerasını başa vurub. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan güləş federasiyasının rəsmi saytı məlumat yayıb.

29 yaşlı güləşçi bununla bağlı açıqlama verib: “Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm.

Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan güləş federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.

Elis Manolova 2017-ci ildə İslam həmrəyliyi oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxıb, böyüklər arasında qitə birinciliklərində ümumilidə 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.

Həmin kateqoriyadan