Kubokun finalında nələr olacaq?

İyunun 3-ü Qəbələ şəhər stadionu ucun xususi gün olacaq. Allsport.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”la “Neftci” arasında Azərbaycan kubokunun final oyununu həmin tarixdə saat 20:00-da bu məkanda keçirəcək. Bununla da 1992-ci ildən keçirilən ölkə kubokunda həlledici matç ilk dəfə əyalətdə baş tutacaq.

Oyunun təşkili ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “Qəbələ İK” qəzetinə geniş məlumat verib. Onun sözlərinə görə, finaldan 1 gün öncə Qəbələdə “Qarabağ”la “Neftçi”nin veteranları arasında yoldaşlıq görüşü olacaq. Məlum olduğu kimi, bu klublar 19 il öncə kubokun finalında üz-üzə gəliblər. Həmin vaxt oynayan futbolçuların yenidən yaşıl meydanda görüşməsi təşəbbüsü bununla bağlıdır. Maraqlıdır ki, vaxtilə həmin oyunda iştirak etmiş, lakin uzun illərdir xaricdə oynayan futbolçulara da dəvət göndərilib. Almaniyada olan İlham Məmmədovla Rusiyada yaşayan Rasim Abışov həmin görüşə gələcəklərini təsdiqləyiblər. Sankt-Peterburqda yaşayan Vyaçeslav Lıçkin isə həmin vaxt başqa turnirdə olduğundan gələ bilməyəcək.

“Qarabağ” və “Neftçi”nin veteranlarını meydana vaxtilə bu komandaları çalışdırmış Ağasəlim Mircavadovla Kazbek Tuayev çıxaracaq. 1996-cı ildəki finalı idarə etmiş Tahir Süleymanov yenə baş hakim olacaq. Ona Azad Hüseynovla Sabir Hacıyev kömək edəcək. Veteranlar üçün üzərlərində adları olan formalar da hazırlanıb. Yoldaşlıq matçından sonra keçiriləcək şam yeməyinə hər 2 klub rəhbərliyinin də qatılacağı gözlənilir. Məlum olduğu kimi, adətən, beynəlxalq oyunlardan 1 gün öncə rəsmi ziyafət verilir. PFL də bu analoji təşəbbüslə çıxış edib. Ancaq tədbirin daha geniş tərkibdə, veteranlarla birgə təşkil olunması nəzərdə tutulub.

Final matçından öncə tanınmış müğənni Röya Ayxan konsert proqramı ilə çıxış edəcək. Oyundan 20 dəqiqə əvvəl təntənəli açılış mərasiminin, sonra isə atəşfəşanlığın keçirilməsi planlaşdırılıb. Yəni həmin gün futbolsevərlər həm maraqlı matç izləyəcək, həm də gözəl musiqi dinləyib, stadionda yaradılacaq görüntüdən zövq almaq imkanı qazanacaqlar. Kubokun stadiona gətirilməsi açılış proqramının fərqli hissəsi kimi xüsusilə yaddaqalan olmalıdır. Belə ki, kubokun helikopterdən paraşütlə meydanın mərkəzinə endirilməsi nəzərdə tutulub.

PFL “Neftçi” və “Qarabağ”a müraciət edərək, öz azarkeşlərinə bilet əldə etməyini tövsiyyə edib. “Neftçi” 1500 bilet istədiyi halda, “Qarabağ” sayla bağlı hələ ki, konkret məlumat verməyib. Yerdə qalan biletlər isə yerli, o cümlədən, oyunu izləmək istəyən digər futbolsevərlər üçün nəzərdə tutulub. Biletlərin qiyməti 2-5 manat arasındadır və satışı Qəbələ şəhər stadionunda həyata keçiriləcək. Final oyununa bilet əldə etmək istəyən Bakı sakinlərinə də müvafiq şərait yaradılacaq.

Təşkilatçılıq və təhlükəsizliklə bağlı əsas məsələlər PFL-ə aid olsa da, müəyyən öhdəliklər stadionun üzərinə düşür. Arenanın direktoru Mehman Qanbayev meydançanın ot örtüyünün, oturacaqların, tribunaların, işıqlandırma sisteminin yaxşı vəziyyətdə olduğunu bildirib. Çəkiliş podiumları ilə bağlı da problem olmayacaq. PFL-in nümayəndələri stadionda vəziyyətlə tanış olaraq, müsbət rəy veriblər. Meydançanın ətrafında olan reklam lövhələri isə final oyunu ərəfəsində dəyişdiriləcək. Çünki oyunun təşkilatçısı “Qəbələ” deyil, PFL-dir.

Həmin kateqoriyadan