“Lokomotiv”in güləş bölməsi zəruri avadanlıqlarla təmin edilib

Azərbaycan güləş federasiyası (AGF) maddi-texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Allsport.az xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən “Lokomotiv” idman cəmiyyətinin güləş bölməsi də AGF tərəfindən zəruri avadanlıqlarla təmin edilib və maddi-texniki dəstək verilib. Federasiya nümayəndələri zəngin güləş ənənələri olan bölmədə yaradılmış şəraitlə tanış olub. AGF icraiyyə komitəsinin üzvü, olimpiya və 3-qat Avropa çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi, müstəqillik tariximizin ilk dünya çempionu Arif Abdullayev, yunan-Roma güləşi üzrə U-20 millli komandanın məşqçisi, olimpiya mükafatçısı Emin Əhmədov və AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov çıxış edib. Onlar “Lokomotiv”in güləş ənənələrini xatırladıb və federasiyanın dəstəyindən sonra yenidən bu məktəbdə nüfuzlu yarışların qalib və mükafatçılarının yetişəcəyinə inandıqlarını bildiriblər.

Hal-hazırda məşqçilər Fuad Aydınlı, Amil Məmmədov, İbrahim Hadıyev və Həbib Nurulunun rəhbərliyi altında yunan-Roma və sərbəst güləş üzrə bütün yaş qrupları üzrə 150-dən artıq idmançı “Lokomotiv”in güləş bölməsində fəaliyyət göstərir.

Bu məktəbin yetirmələri Zaur Əliyev, Tural Əhmədov, Əsmər Canqurtaran, Fatimə Bayramova, Xudayar Kərimov, Elşad Abbasov, Nihad Məhərrəmov və Gülnar Ağadadaşova nüfuzlu yarışların qalib və mükafatçısı olub.

Həmin kateqoriyadan