Məhəmməd Əliömərov: Nəticəmiz uğurlu olsa da, narazı qaldığım məqamlar var

Güləş federasiyasının vitse-prezidenti Məhəmməd Əliömərov sərbəst və qadın komandalarımızın Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında çıxışını dəyərləndirdi. Allsport.az saytına açıqlamasında mütəxəssis bildirdi ki, hər 2 millimiz uğurlu çıxış etdi:

«Olimpiya siklinin ilk ilində sərbəst güləşçilərimiz qitə çempionatında 5 medal qazandılar. Bu böyük qələbədir. Son dövrdə, 2011-ci ildən bəri, belə çox sayda nəticəmiz olmamışdı. Komanda hesabında yalnız Rusiyaya uduzduq. Onlar 64, biz 59 xala sahibləndik. Bu onu göstərir ki, millimiz dünya miqyasında inamla ilk üçlükdə yerini qoruyur».

Mütəxəssis qadın güləşçilərimizin də şəninə tərif dedi. Dedi ki, yığmada yeni istedadlı gənclər yetişir: «Alyona Kolesniklə Tatyana Omelsenko yaxşı gələcəyi var. Onlar U-23 Avropa çempioatında qızıl medal qazanıblar. Ümidləri doğrultmayan üzərində çox işləyəcəyik. Hesab edirəm ki, yayda umummilli lider Heydər Əliyevin xatirəsinə Qızıl qran-pri yarışından sonra bir neçə təlim-məşq toplanışımızda çatışmamazlıqları aradan qaldırıb, avqustada Parisdə keçiriləcək dünya çempionatında daha qətiyyətli yollanacağıq.

Fikrimcə, doğru yolla gedirik. Rəhbərlik uğur qazanmaq üçün hər şərait yaratmışdı. Bir neçə dəfə güclü komandalarla birgə hazırlıq keçmişdik. Düzü, bir az nəticədən narazıyam: daha yaxşı edə bilərik. Qadınlar arasında 1 yox, 2 Avropa çempionu olmalıdır, sərbəst güləşdə 2-3 qızıl medal qazanmaq imkanımız oldu. Bunun üçün bütün gücümüzü səfərbər edib, qarşıya yüksək hədəf qoyub, onu gerçəkləşdirməliyik».

Məhəmməd Əliömərov sonda azarkeşlərə təşəkkürünü bildirdi. Vurğuladı ki, onlar daim komandanın yanındadıldar: «Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onlar hər gün televizya vasitəsi ilə yarışı izlədilər, bizə tez-tez zəng etdilər. Kimisi təbrik etdi, kimisi də narahatçılığını ifədə etdi. Federasiyamızın prezidenti Fazil Əsədoviçə, vitse-prezident Namiq Əliyevə də təşəkkür edirəm, onlar hər zaman uğurumuz üçün səylərini əsirgəmirlər».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan