Məhəmmədxan Məhəmmədov gümüş medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatında daha 3 güləşçimiz öz güclərini sınayıb.

Allsport.az xəbər verir ki, Məhəmmədxan Məhəmmədov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib – 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb – 11:0. Məhəmmədov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə (3:4) uduzan pəhləvanımız gümüş medal əldə edib.

Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb – 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub – 1:4. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxıb. İsrailli Coşua Finesilverə 7:0 hesabıyla qalib gələn Əli bürünc medal uğrunda qarşılaşmada ukraynalı Erik Aruşanyana minimal fərqlə (6:7) uduzub.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb – 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib və 2:5 hesabıyla uduzub. Səbuhinin zədəsi bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla görüşə çıxmağa imkan vermədiyi üçün 5-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan