Tanınmış güləş ustadının adı Maştağada əbədiləşib

Bakı şəhərində Sabunçu rayonunun Maştağa qəsəbəsində küçələrin birinə Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi Xosrov İsrafil oğlu Cəfərovun adı verilib. Allsport.az saytı xəbər verir ki, gələn ay mərhum güləş ustadının 76-illiyidir. O, 1947-ci ildə 31 oktyabrda Maştağada anadan olub. 15 yaşında Ordu idman klubunda sərbəst güləşin sirlərini öyrənib.

Müxtəlif yaş qrupları üzrə respublika birinciliklərinin qalibi və mükafatçısı olub. 1968-ci ildə orta çəkidə Azərbaycan SSR çempionu olub. Bu titilu 1975-ci ilə qədər qoruyub. Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq, ən yaxşılardan olub. Eyni zamanda, yeniyetmələr arasında SSRİ mükafatçısı, gənclər arasında SSRİ çempionu olub.

22 yaşında məşqçilik fəaliyyətinə başlayıb. 1969-1987-ci illərdə İxtisaslaşmış güləş məktəbi çalışıb. 1974-cü ildən ömrünün sonuna qədər (2007) yeniyetmə sərbəst güləş millinin baş məşqçisi olub. 1988-ci ildən “Dinamo” idman cəmiyyətində baş məşqçi kimi fəaliyyətə başlayıb.

Onun rəhbərliyi ilə Azərbaycan seçməsi 1996-cı ildə İranın paytaxtı Tehranda dünya birinciliyində komanda hesabında 3-cü yeri tutub. 1998-ci ildə nəticəsi qədər də yaxşılaşıb. İngiltərənin Mançester şəhərində millimiz 2-ci olub və eyni nəticəni 1 il sonra Polşanın Lodz şəhərində də təkrarlayıb.

Xosrov Cəfərov 8 yanvar 2007-ci ildə Bakıda keçirilən ölkə çempionatının 2-­ci gü­nündə uzun sürən xəstəlikdən sonra 59 yaşında dünyasını dəyişib. Həmin gün tanınmış gü­ləş us­ta­dı­nın xa­ti­rə­si ölkə çempionatında “Cən­gi” sə­da­la­rı ilə yad edil­ib, ru­hu­na dualar oxunub. Həmin ilin sonunda mərhum Milli olimpiya komitəsinin mükafatına layiq görülüb.

Ailədə onun yolunu yeganə oğlu Əjdər Cəfərov davam etdirir. O, 2009-2011-ci illərdə Azərbaycan güləş federasiyasında (AGF) hakimlər kollegiyasının sədri olub. Sinqapur-2010 yeniyetmələrin ilk olimpiya oyunlarının və London-2012 yay olimpiya oyunlarında ədaləti qoruyub. 2011-2016-cı illərdə AGF-də baş katibi vəzifəsini daşıyıb. Onun dövründə bahadırlar yüksək uğurlara nail olublar. Ən yadda qalanı London olimpiadasında komandamızın 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmasıdır.

O, “Tərəqqi” medali ilə təltif edilib, “Azərbaycan pespublikasının prezidentin fəxri diplomu”na layiq görülüb. Hazırda “Təhsil” respublika idman mərkəzinin 2 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində direktor vəzifəsində çalışır.

Həmin kateqoriyadan