Milli paralimpiya komitəsinin rəhbərliyi baş məşqçilərlə görüşdü

Sentyabrın 3-də MPK rəhbərliyi bir sıra idman növləri üzrə – parataekvondo, paracüdo, parabadminton, parapauerliftinq, paragüllə atıcılığı, parakamandan oxatma və boccia üzrə baş məşqçilərlə fərdi görüşlər keçirib.

Allsport.az xəbər verir ki, görüşlər zamanı hər bir idman növünün mövcud vəziyyəti, ilin sonunadək planlaşdırılan yarışlar, təlim-məşq toplanışları, eləcə də Los-Anceles-2028 yay paralimpiya oyunlarına dair uzunmüddətli planlar müzakirə olunub.

Yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsi, həmçinin yenilənmiş tibbi təsnifat qaydalarına uyğunlaşma məsələləri də gündəlikdə yer alıb.

MPK tərəfindən paralimpiyaçıların ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmələri üçün göstərilən dəstəyin davam etdiriləcəyi bildirilib. Belə görüşlərin hər ay mütəmadi şəkildə keçiriləcəyi vurğulanıb.

Digər paraidman növlərinin baş məşqçiləri ilə fərdi görüşlərin keçirilməsi davam etdiriləcək.

Həmin kateqoriyadan