Millimiz FİFA reytinqində gerilədi

FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisi may ayının reytinq cədvəlində 116-cı pillədə qərarlaşıb.

Bu isə ötən ayla müqayisədə komandamızın bir pillə gerilməsi anlamına gəlir. Azərbaycan yığmasının hesabında 264 reytinq xalı var.

AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz arasında ən yaxşı göstərici İtaliyaya məxsusdur – 1085 xalla 13-cü. Xorvatiya 977 xalla 17-cidir. 67-ci pillədə qərarlaşan Bolqarıstan 505 xala malikdir. Norveç isə 491 xalla 70-cidir. Yığmamız sadəcə, 158 xalla 149-cu olan Maltanı qabaqlayır.

Keçmiş SSRİ ölkələri arasında Rusiya liderdir (27; 828 xal). Daha sonra Ukrayna (33; 772), Öbəkistan (72; 476), Ermənistan (77; 449), Belarus (83; 397), Latviya (85; 387), Estoniya (93; 358), Litva (100; 333), Moldova (120; 145), Qazaxıstan (134; 210), Gürcüstan (139; 197), Tacikistan (143; 173) və Qırğızıstan (153; 148) gəlir.

Yığmamızın iyun ayında yoxlama oyunu keçirəcəyi Serbiya 664 xalla 44-cü pillədə yer alır. Türkiyə yığması isə 603 xalla 52-cidir.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Almaniya (1687), Argentina (1494), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1372), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).

Ayın ən yaxşı göstəricisinə imza atan komandası Dominikandır (12 pillə irəliləyib). Ən pis göstərici isə Mavritaniyaya məxsusdur (9 pillə geriləyib).

Həmin kateqoriyadan