Murad Məmmədov: “İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm”

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Murad Məmmədov (60 kq) bürünc medal qazandı.

Allsport.az xəbər verir ki, ilk dəfə 2018-ci ildə böyüklərin dünya çempionatında iştirak edən yunan-Roma güləşçimiz 2-ci cəhdində fəxri kürsüyə qalxdı. Daha öncə Avropa ikincisi olan Məmmədov bu dəfə dünya 3-cüsü ünvanına sahib çıxdı.

Murad Oslodakı çıxışı ilə bağlı Azərbaycan güləş federasiyasının rəsmi saytına açıqlama verib:

“Yarış çox yüksək səviyyədə keçdi. Dünya çempionatında zəif rəqib olmur. Təlim-məşq toplanışlarını yaxşı keçmişdik. 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbrli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm”.

Həmin kateqoriyadan