Namiq Əliyev: “Güləşçilər qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər”

Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, hər 3 növ üzrə milli komandalarımız turnirə hazırlıqları davam etdirir.

Bu gün sərbəst güləş üzrə yığma komandanın açıq məşqi keçirilib. Məşqdə əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçiləri də iştirak ediblər. Hazırlıqları yaxından izləyən AGF-in 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Federasiya rəsmisi güləşçilərin hazırlıq səviyyəsindən razı qaldığını deyib:

“Hazırlıq yüksək səviyyədə davam edir. Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər. Bilirsiniz ki, gələn il bizi Yay Olimpiya Oyunları gözləyir. Qızıl Qran Pri turnirində də əsas komandanın əksər üzvləri iştirak edəcəklər. Eyni zamanda, digər perspektivli idmançıları da sınaqdan keçirmək imkanımız olacaq. Qarşıdakı təlim-məşq toplanışlarında və yarışlarda əsas məqsədlərimizdən biri idmançılarımızın hazırlıq səviyyəsini yüksəltməkdir. Rioda böyük uğurlar qazanmaq istəyirik.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl qran-pri” turnirinin gedişində Avropa Güləş Konfederasiyasının konfransının keçirilməsi nəzərdə tutulub. İlk dəfə keçirilən bu tədbirdə Avropa və dünya güləşindəki mövcud vəziyyət müzakirə ediləcək, güləşin inkişafı üçün yeni fəaliyyət proqramının hazırlanması barədə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qran-pri” turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Yarışlar “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan