Namiq Abdullayev: “Cənab prezidentin hər zaman qayğısını hiss edirik”

Rumıniya paytaxtı Buxarestdə yeniyetmələrin Avropa çempionatında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında qalib olaraq tarix yazan sərbəst güləşçilər Vətənə dönüblər. Allsport.az saytı xəbər verir ki, AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev uğuru belə dəyərləndirib:

“Bu il bizim üçün düşərli oldu. U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu.

Hər 3 komandamız üçün Olimpiya güləş mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir.

Cənab prezidentin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və GİN də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

Həmin kateqoriyadan