“Namiq Abdullayev kimi idmançılar bizə örnəkdir”

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatında “sərbəstlər”imiz çıxışlarını başa vurdular. Allsport.az saytı xəbər verir ki, bu gün 92 kq-da Osman Nurməhəmmədov bürünc medal qazandı. O, mükafatlandırmadan öncə sevincini Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələri ilə bölüşdü:

“Dünya çempionatında 4 medala yiyələnməklə, say baxımından son illərin ən yaxşı nəticəsini göstərdik. Məşqçilər heyətinə təşəkkürümü bildirmək istəyirəm. Bizim bir an belə istirahətə vaxtımız olmadı. Ancaq və ancaq məşq edirdik. 4-cü medal cəhdimdə qızıl qazanmaq istəyirdim.

Çünki digər əyarlı mükafatlarım varımdı. Amma səhhətim qaydasında deyildi. Antibiotiklər içirdim. Təlim-məşq toplanışlarında otaqda dövrə vuraraq damcı qəbul edib bərpa olunurdum. Uzun yol keçmişdik. Belə ciddi sınaqlarda yüksək nəticəyə köklənməlisən.

Fikrimcə, funksionallığım çatmadı. Yoruldum və fürsəti qaçırdım. Bayaq qeyd etdiyim kimi, komanda ilə ikitərəfli tutaşmalar etmirdim. Yalnız son günlərdə bəzi sparrinqlər oldu. Hərarət də bir tərəfdən öz işini görürdü.

Bu dünya çempionatında 4-cü mükafata yetişdim. Statistikaya görə, Azərbaycanın canlı əfsanəsi Namiq Abdullayevə çatdım. Onun kimi idmançılar bizə örnəkdir. Onlar bizə yol açıblar və biz asanlıqla irəliləyirik. Belə insanlar daim yanımızdadırlar, öz dəyərli məsləhətlərini verirlər.

Millidə xeyli cavan uşaqlar var. Onlar ildən-ilə artırırlar, nəticə verirlər. Bu, böyük üstünlükdür. Komandamız gəncdir. Hesab edirəm ki, Los Anceles-2028 olimpiadasına qədər yüksək hazırlıq səviyyəsinə çatacağıq. Onlar da inkişaf edib bərkiyəcəklər. Cavanlar üçün bu ilk dünya çempionatı idi, mənim üçün isə 4-cü – artıq bu yarışlara görə qoca qurd sayılıram”.

Kamran HACI, Zaqreb

Həmin kateqoriyadan