Naxçıvanda ilk bilyard turniri

Naxçıvan muxtar respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvanın gənclər və idman nazirliyi və Azərbaycan bilyard federasiyasının (ABF) birgə təşkilatçılığı əsasında bilyard üzrə açıq muxtar respublika birinciliyi keçirilib.

Allsport.az xəbər verir ki, “Marvel” Bilyard Klubunda reallaşan yarışa 20 nəfər qatılıb.

Əvvəlcə dövlət himni səsləndirilib. Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iştirakçıları salamlayaraq ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib. Turnirlə bağlı təəssüratlarını bölüşən nazir müavini Naxçıvandakı bilyard həvəskarlarını əlamətdar gün münasibətilə təbrik edib və əlavə edib ki, yarış ilk dəfə keçirildiyinə görə bu sahədəki mövcud perspektivlərin öyrənilməsi üçün böyük zəmin yaradır. ABF ilə təməli atılan uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Məcid Seyidov bildirib ki, nazirlik bu idman növünün inkişafı üçün dəstəyini davam etdirəcək və federasiya ilə birgə tədbirlərimiz bundan sonra da davam etdiriləcək.

İlk üç yerin sahibləri təşkilatçı qurumların rəhbərləri tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.

Həmin kateqoriyadan