Nikolay Adamın Hindistandan təklif aldığını AFFA da açıqladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Hindistan Futbol Federasiyasından təklif alıb. Allsport.az xəbər verir ki, təklifə əsasən, Adam bu il aprelin 1-dən 2017-ci il dekabrın sonuna qədər bu ölkədə çalışacaq.

2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusu ilə Hindistanın müvafiq yaş qrupuna aid yığması turnirdə iştirak edəcək. Nikolay Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.

Adam AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, elit-raundda yığmamızın mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.

Həmin kateqoriyadan