Nurəddin Rəcəbov: Dünya birinciliyində 7 güləşçimizdən 5-i medal qazana biləcək gücdədir

Sentyabrın 17-dən 23-dək Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mübarizəyə əvvəlcə yunan-Roma güləşçiləri start verəcək. Yarış ərəfəsində yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov AGF-nin saytına qarşıya qoyulan hədəflər haqqında açıqlama verib:

“Avropa çempionatını geridə qoyduq. Qitə birinciliyində himnimizi səsləndirdk. Bu, böyük nəticədir. Ancaq dünya çempionatı daha çətin yarışdır. Güləş indi dünyada elə inkişaf edib ki, asan rəqib yoxdur. Hazırlığımızı lazım olan qədər keçmişik. Məşqlərimizi davam etdiririk. Güləş bazasında bəzən gündə bir, bəzən isə iki məşq keçirik. Yüklənmədən, rejimdən asılı olaraq dəyişir.

Avropa çempionumuz Ülvi Qənizadənin dizindəki köhnə zədəsi baş qaldırıb. Ağrıları var. Bu, bizi bir qədər narahat edir. Ancaq müalicə olunduqdan sonra məşqlərə qatılıb. Yarış ağır keçsə də, medallarımız olacaq. Yeniyetmələrdən ağır çəkidə Sərxan Məmmədovu toplanışa cəlb etmişik. Bilirsiniz ki, bizdə bu kateqoriya həmişə zəif olur. Yaxşı güləşçi tapmaq çətindir. Sərxanı gələcək perspektiv üçün heyətə cəlb etmişik. Bu gün ondan nəticə gözləmirik.

Dünya çempionatında iştirak edəcək yeddi güləşçimizdən beşi medal qazana biləcək gücdədir. Digər iki güləşçi də xarakter nümayiş etdirib, uğur əldə edə bilər.

Cəmi 2 aydı gəncləri çalışdırıram. Bu müddət ərzində komandada məsuliyyəti artırmağa nail olmuşuq. Nizam-intizam və rejim qaydasındadır. Həm fiziki, həm texniki, həm də taktiki hazırlıq üzərində çalışmışıq. Artıq yüklənməni azaltmışıq. Bundan sonra güləşçilərin çəki salmasına diqqət yetirəcəyik. Sentyabrın 15-də Slovakiyaya yollanacağıq”.

Həmin kateqoriyadan