Olimpiya kateqoriyalı hakim Oqtay Hüseynovun xatirə turnirinin açılışı keçirilib

İyunun 11-də Bakı İdman Sarayında Əməkdar məşqçi və olimpiya kateqoriyalı hakim Oqtay Hüseynovun xatirəsinə kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə açıq respublika turnirinin açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, açılış mərasimində Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Milli Məclisin deputatları Adil Əliyev, Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Oqtay Hüseynovun tələbələri adından, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, yarışın təşkilat komitəsinin sədri Oleq Krapivin turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanırlar.

Yarışda Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan və Türkiyə idmançıları da iştirak edirlər. Turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və Vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də , Əməkdar Bədən Tərbiyəsi və İdman Xadiminin xatirəsini yad etməkdir.

Həmin kateqoriyadan