Ölkə çempionatının açılışı

“MyGroup” və “AzerGold” şirkətinin baş sponsorluğu altında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Mərasimin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, dünya güləş birliyinin (UWW) büro üzvü, Azərbaycan güləş federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində atdığı addımlardan, Nizami yurdunun son zamanlar müntəzəm şəkildə müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil edilməsi xüsusi vurğulanıb. Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərimizin həm beynəlxalq yarışlara uyğunlaşması, həm də potensiallarını tam şəkildə nümayiş etdirmələri üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Açılışın rəsmi hissəsindən sonra “Talant şou” rəqs qrupunun ifasına yer verilib. Bu maraqlı şou proqram Nizami Gəncəvinin kəlamları ilə başlayıb, milli rəqslə davam edib və xalqımızın döyüşçü və pəhləvan ruhunu əks etdirən səhnələrlə yekunlaşıb.

Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciətlə açılış mərasiminə yekun vurulub.

U20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.

Həmin kateqoriyadan