- Baxış sayı: 38
- 07 Yanvar 2026 11:52
- Baxış sayı: 306
- Yanvar 05, 2026
- 0

“İdman sahəsində beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə, fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyil, həm də müstəqil Azərbaycanı dünyada tanıtdırmaqdan ibarətdir”.
Heydər Əliyev
Beynəlxalq əlaqələr və münasibətlər sistemində olimpiya qəhrəmanları, olimpizm ruhu və bu qəbildən olan ifadələrin daha çox işlədilməsi təsadüfi deyil. Bu, qədim ellin oyunlarının nümunəsi əsasında formalaşmış çağdaş olimpiya oyunlarının yaratdığı mühit və get-gedə böyüyən, yetkinləşən hərəkatdan ibarətdir. Keçmişlə gələcək arasında körpü, yük və məram daşıyıcısı olan Olimpiya hərəkatı gəncliyi ocağının işığına toplayır və məqsədi sülh, dünya, tərəqqi, ədalət və demokratizm naminə onlar arasında birlik, həmrəylik yaratmaqdır. Hərtərəfli və harmonik inkişafın təməl daşı olan olimpizm bu yolla həm də beynəlxalq əlaqələrin yalnız qarşılıqlı hörmətə söykənən sağlam düşüncə əsasında qurulmasına əhəmiyyətli təsir qüvvəsidir.
ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Zamanında otüstü hokkey kimi. Təəssüf ki, bu yolun ayrılmaz, deyərdim ki, top oyunlarının öndər tərkib hissəsi olmuş bu idman növü sonradan baxımsızlıqdan uçuruma yuvarladıldı. Hazırda can verir, bir az da laqeydlik olsa, yox olmaq məcburiyyətində qalacaq.
Tarixə qısa nəzər
Sovetlər dönəmində otüstü hokkeyin respublikamızda özünəməxsus yeri olub. Öncə üstünlük kişilərdə qeydə alınıb, sonra təşəbbüs qadınlara keçib. 1970-ci ildə mühüm olay yaşanır: Bakının SKİF komandası kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. Zonal mərhələdə bizimkilər yalnız “İrəvan Dövlət Bədən Tərbiyəsi Universiteti”ni qabaqlayaraq qrupda 3-cü yeri tuturlar. 1973-cü ildə bakılıları Sumqayıt “Spartak”ı əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.
Buna rəğmən, 70-ci illərin ortalarından Azərbaycan otüstü hokkeyinin yüksəlişi başlayıb. 1976-cı ildə Bakının “Burevestnik” klubu ilk dəfə SSRİ çempionatının yüksək liqasında iştirak etmək hüququna yiyələnib. Siftədə 8 komanda arasında 6-cı yeri tutub. 1977-ci ildə Sumqayıt UGİM-i SSRİ gənclər birinciliyində 1-ci yer tutub. 1979-cu ildə SSRİ çempionatının bürünc medallarını qazanıb. Bir il sonra eyni uğuru Bakının “Azineftexim” komandası təkrarlayıb. 1979-cu ildə Azərbaycan SSR bu idman növünün ilk təqdim olunduğu SSRİ xalqları yay spartakiadasının bürünc medalçısı olub.
Elə həmin ildə SKİF ilk dəfə SSRİ qadın otüstü hokkey çempionatında iştirak edib. Sonra Bakının “Svyazist” komandası bu yarışmaya qatılıb və 82-ci il mövsümündə bürünc medala sahib çıxıb. Sözsüz ki, klubların inkişafı yığmaya öz müsbət təsirini göstərib, azərbaycanlılar diqqət mərkəzinə düşüblər. 1981-ci ildə Argentinanın paytaxtı Buenos Ayresdə keçirilmiş dünya çempionatında Tatyana Şvıqanova SSRİ seçməsinin heyətində bürünc medala yetişib. Bundan düz 10 il sonra Belçikanın baş şəhəri Brüsseldə qitə çempionatında Zeynəb Nuriyeva ittifaq yığması ilə 3-cü yeri bayram edib.
Enişdən yüksəlişə
1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra otüstü hokkey bir neçə il fəaliyyətsiz qaldı. Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsindəbu sahədə də bir canlanma hiss olunmağa başlandı. 1994-cü ildə Bakı neftayırma zavodunun “Azəri” idman klubunda kişi və qadınlardan ibarət otüstü hokkey komandalarının fəaliyyəti yenidən bərpa olundu. 2000-ci ilin axırlarında Milli olimpiya komitəsinin prezidenti İlham Əliyev idman ilinin yekunlarına həsr olunan yığıncaqda ölkəmizdə komandalı idman növlərinə qayğının artırılmasını tövsiyə edərkən, bu məsələ ilə əlaqədar müxtəlif idman qurumları və təşkilatlar üzərinə məsuliyyətli vəzifələr qoydu. Elə olimpiya idman növü olan otüstü hokkey təsərrüfatındakı canlanma da həmin dövrdən sonra başlandı. 2001-ci ilin 20 fevral tarixində nəhayət ki, uzun sürən durğunluq aradan götürüldü. Vergilər naziri Fazil Məmmədov otüstü hokkey federasiyasının prezidenti, Namiq Əliyev isə vitse-prezident seçiləndən sonra, bu idman növü özünün yeni inkişaf-tərəqqi mərhələsinə qədəm qoydu.
2005-ci ildə Niderlandın Hertogenboş şəhərində qadın otüstü hokkeyçilərimiz Avropa klub çempionlarının kuboku uğrunda turnirdə debütünü parlaq nəticə ilə qeyd etdi. Qızlarımız yalnız final görüşündə yerli “Hertogenboş” klubuna məğlub olaraq gümüş medallar qazandılar. Bu isə Azərbaycanın komandalı idman növləri arasında bütün dövrlər üçün ən yüksək nəticə kimi tarixə düşdü. Bu münasibətlə ölkə başçısı, MOK-un prezidenti İlham Əliyev komanda üzvlərini və federasiya rəhbərliyini rəsmi qəbul edərək qazanılan qələbə münasibəti ilə onları təbrik etmişdi. Sonrakı illərdə “Atasport” hokkeyçiləri Avropa klub çempionlarının kuboku uğrunda turnirdə bir qayda olaraq 4-cü yeri tutdular. 2009-cu ildə isə son 3 ildəki ənənəni pozan komandamız qitə kubokunun bürünc medalına yetişdi. 2010-cu ildə Almaniyada yeni qaydada keçirilən Avropa çempionlar liqasında “Atasport” 12 klub arasında ilkin mərhələdə uğurlu çıxış edərək “Dördlər finalı”na vəsiqə qazandı. Lakin dördlərin Niderlanda təşkil olunan həlledici turnirində qadın hokkeyçilərimiz güclü rəqibləri ilə mübarizədə uğur qazana bilməsələr də, qitənin 4 ən güclü klubundan biri olmağı bacardılar ki, bunun özü də o dövr üçün böyük bir iş idi.
3 dəfə olimpiya oyunlarının 1 addımlığında
2008-ci ilin aprel ayında qadın hokkeyçilərdən ibarət millimiz ilk tarixi fürsət qazandı. Beynəxalq hokkey federasiyası, Pekin olimpidasında mübarizə aparacaq daha 3 iştirakçını müəyyənləşdirmək üçün üç turnirdən birinin Bakıda keçirilməsinə qərar verdi. Federasiyamız tərəfindən millmiz üçün kifayət qədər şərait yaradılsa da, bu imkandan maksimum istifadə olunmadı. Beləki, ilkin mərhələdə Belarus, Çili, Keniya və Ukrayna təmsilçilərinə qalib gələn hokkeyçilərimiz İspaniya yığmasına uduzsalar da, 2-ci yeri tutmaqla finala vəsiqə qazandılar. Ancaq ispanlar bu dəfə də məğlubedilməz oldular. Əlbəttə, həlledici matçda İspaniya hokkeyçilərinin 3:2 hesablı qələbəsində bir sıra subyektiv amillərin də çox böyük təsirini qeyd etməliyəm. Millimiz 2 dəfə hesabı bərabərləşdirərkən, rəqibə ciddi basqı edib yormuşdu. Qarşı tərəfin nəfəs dərməsi üçün qollarımız bilərəkdən “şübhəli” sayıldı və video-təkrara baxıldı. Üstəlik, ispanların 2 oyunçusunda dopinq tapılmışdı. Lakin, artıq hər şey arxada qalmışdı.
Bu şücaaət komandamıza olimpiya yolunda növbəti irəliləyişinə təkan verdi. 2012-ci ilin mayın Yaponiyanın Kakamiqahara şəhərində keçirilən dünya olimpiya qrup ələməsində Adil Paşayevin komandası Malayziya, Belarus, Avstriyaya qalib gəldi, Çili ilə sülh bağlayaraq, finala vəsiqə qazandı. Təəssüf ki, qızlarımız yenə 1 addımlıqda, bu dəfə həlledici görüşdə ev sahibələrinə yenildilər.
2015-ci ilin fevralında qadın millimiz Uruqvayın paytaxtı Montovideoda keçirilən dünya hokkey liqasının 2-ci raundunda 8 iştirakçı arasında 3-cü yer tutdu. Beynəlxalq hokkey liqası reqlamentinə görə, Rio oyunları uğrunda mübarizəni davam etdirmək üçün mart ayında Hindistan və İrlandiyada eyni yarışların yekununda finalçılardan əlavə 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik 1 komanda da növbəti mərhələyə çıxmaq hüququna malik idi. Mart ayının sonlarında həmin komandalar da müəyyənləşib. Dublin çəhərində Çili (20-ci yer), Dehlidə isə Malaziya (21-ci yer) seçmələri 3-cü nəticə göstərdilər. Belə olan şəraitdə, dünya əmsalında 19-cu olan Azərbaycan hokkeyçiləri rəqiblərini geridə qoyaraq, 3 turnirin yekununda 3 cüt finalçı ilə yanaşı, 2016-cı il yay olimpiadasına vəsiqə yolunu davam etdirdi. Bu işdə adı çəkilən baş məşqçimizlə yanaşı, federasiyanın baş katibi Rəşad Əlizadənin də əməyi çoxdur.
3-cü mərhələdə 20 komanda hərəsində 10 iştirakçı olmaqla 2 şəhərdə qüvvələrini sınadı. Həmin yarışın hər birindən ilk 3 yeri tutanlar Rio oyunlarına birbaşa vəsiqə qazandılar.
Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar, o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərdilər. Azərbaycan millisinin daxil olduğu yarışda 4 komandanın belə bir hüquq əldə edəcəyi öncədən bəlliydi. İyunun 20-dən iyulun 04-dək Belçikanın Antverpen şəhərində dünya hokkey liqasının həlledici etapında millimizin rəqibləri Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Koreya, Yeni Zelandiya və Polşa idi. Burqundiyada “A” qrupuna daxil olan qadın otüstü hokkeyçilərimiz Niderland (1), Koreya (9),Yaponiya (10) və İtaliya (16) yığmalarına qarşı dairəvi sistemlə mübarizə aparacaqdılar. İlkin mərhələnin yekununda “A” və “B” qruplarında sonuncu yerləri tutanlar 9-10 yerlər uğrunda görüşdülər. Qrup qalibləri digər qrupun 4-cüsü ilə, qrup 2-ciləri isə digər qrupun 3-cüləri ilə 1/4 finalda qarşılaşdılar. Həmin mərhələnin qalibləri yarımfinalda görüşərək finalçıları aşkarladılar.
Onu da qeyd edim ki, DHL-in 2-ci raundunda keçmiş Sovetlər Birliyi respublikalarından 6 kollektiv mübarizə aparsa da, 3-cü mərhələyə onlardan yalnız biri – Azərbaycan millisi mübarizəni davam etdirmək hüququ qazana bilmişdi. Olimpiya oyunları bu qədər yaxın ikən, federasiyada durğunluq 3-cü cəhdin də boşa çıxması olə bitdi. Maliyyə ayrılmaması səbəbindən seçməmiz səfərə yollana bilmədi və onun yerinə Belçika qatıldı. İş elə gətirdi ki, 12 noyabr 2016-cı ildə AOHF fəaliyyətini dayandırıldığından, millimiz həmin zamandan bəri heç bir beynəlxalq yarışda iştirak etməyib. Bu üzdən dünya reytinqində nəzərə alınmır. Halbuki qadın otüstü xokkey millimiz vaxtı ilə əmsalda 11-ci olub. Bu da olimpiya idman növlərində top oyunlarında indiyədək ən yüksək sayılır, təkrar olunmayıb, heç həndəvərinə yaxın düşən olmayıb.
Baxış sayı rekord həddə
Beynəlxalq olimpiya komitəsi otüstü hokkeyə baxış sayı (tamaşaçı sayı) barədə rəsmi rəqəmlər paylaşsa da, bu, konkret olimpiya oyunlarından asılıdır; ümumi rəqəmlər Paris-2024-də milyardlarla televiziya izləyicisi (3 milyarddan çox) ilə təxmini göstərilə bilər. Hələlik ən yaxşı göstərici son yay olimpiya oyunlarıdır. Bu ali qurum əmsala görə idman növlərini 4 hissəyə bölüb: “A”, “B”, “C” və “D”. Maraqlıdır, otüstü hokkey “B” dəstəsindədir. Bizə gəlincə, otüstü hokkey yeganə olimpiya növüdür ki, fəaliyyəti 10 ildir bərpa olunmayıb. Hətta son dövrdə qış idmanı inkişaf etdirilir. Zaman isə amansızdır və onun hər anının öz hökmü var. Onu yaşatmağa cəhd göstərən tarixsə bütün elmlərin ən subyektividir. Çünki zamandan savayı hər bir hadisə həm də onu tarixə həkk edənin “rəngkarlıq”ının, onun dünyagörüşünün, maraqlarının, prizmasının süzgəcindən keçir. Hər şeyə rəğmən tarix yaşayır, yaşadır. Bu gün uzunömürlülüyü, əzəmət və möhtəşəmliyinə görə dünyanın 7 möcüzəsindən bu günə sağ-salamat gəlib çatan yeganə nümunə – Misir ehramları ilə çətin ki nə isə müqayisə olunsun. Amma ehramlar tarixin quru daş yaddaşıdır. Cəmiyyətin ab-havasını, onu inkişafda, olduğu kimi bütün çaları, rəngləri ilə bizə çatdıra biləcək tarixi hadisələrdən söhbət gedərsə, yəqin ki, olimpiya oyunları ön planda gələr. Demək, olimpiya idman növləri də ön cərgədə yer almalıdır…
Hazırladı: Kamran HACI