- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Azərbaycan güləşi bu yolun ayrılmaz, deyərdim ki, öncül hissəsidir: dünyanın hər yerində, hər bir idman meydanında dövlət himnimiz səslənir, milli bayrağımız qaldırılır.
Müstəqillik əldə olunduqdan sonra keçirilmiş 7 olimpiya oyunlarında bahadırlar ölkə bayrağının şərəfini uca tutublar. London-2012 bu mənada xüsusən seçilir. Qazanılan 10 medalın 7-si onların payına düşür. Üstəlik, ən yüksək əyarlı mükafatlar – 2 qızıl və 2 gümüş medal pəhləbanlarımızın hesabında idi.
Rio-2016 indiyədək ən çox qənimətə yiyələndiyimiz olimpiadadır. Okeanın o tayında 18 medalın tən yarısı güləşçilərin hesabındadır. Bu növdə zirvə fəth olunmasa da, 3 final həyacanı və 6 “bürünc” kiçik Azərbaycan üçün kifayət qədər sanballı nəticədir. Nəzərə alaq ki, həm güləşdə, həm də bəzi digər aparıcı növlərdə “qızıl” bəxtsizliyi üzündən əldən çıxdı, yarımfinallarda idman xoşbəxtliyi rəqiblərdə oldu. Yoxsa, həmin oyunlarda ən yüksək əyarlı mükafat sayında da rekord olacaqdı. Bu, mərhum idman naziri Azad Rəhimovun özünün və yaxın çevrəsinin, dövlətlə işləyən federasiyaların uzun illər qurduğu dayanıqlı sistemin bəhrəsi idi.

Paris-2024-dən başlayan eniş
Paris-2024 güləş üçün ürəkaçan olmadı. Bu aparıcı idman növü “rəqib”lərinə uduzdu – cüdoda, boksda və taekvondoda final sevinci yaşanan halda, bahadırlar yarımfinalda büdrədilər. İgidlər Fransaya yeni rəhbərliklə yollanmışdı. Tokio-2020 oyunlarından sonra Azərbaycan güləş federasiyasında seçkilər keçirilmiş, Mikayıl Cabbarov prezident və Nəsimi Musayev baş katib olmuşdular. Adı 2-ci çəkilən şəxs idmanda tanınan simadır. O, müxtəlif federasiyalarda çalışıb, müəyyən uğurda pay sahibi olub. 2022-ci ildən bəri güləşdə nəticələr parlaq görünsə də, bu əsasən Avropa səhnəsində baş verib. O üzdən medalların parıltısı hər kəsi aldadıb, sadəlövh idman başbilənləri buz dağının görünməyən tərəfinə nəzər yetirməyə çalışmayıblar. Əslində isə, müxtəlif yaş qruplarında cari ilin dünya çempionatlarında göstəricilər həyacan təbili çalır. Rusiya, İran, ABŞ və Yaponiya kimi aparıcı güləş ölkələrinə son dövrdə Orta Asiya, Çin, KXDR və Hindistan qoşulub. Bəli, ümumilikdə idmanın bütün sahələri dünyada durmadan inkişaf edir. Biz isə yerimizdə sayırıq, hər növdə yükü bir neçə bacarıqlı mütəxəsssisə buraxmışıq. Onlar nə vaxtadək tab gətirəcək, bunu Allah bilir.
İndi keçək mətləbə, builki dünya çempionatlarında nəticələrin müqayisəli təhlilənə, faydalı iş əmsalına, dəyərləndirməyə, gələcək ümidlərə və ehtimallara. 28 iyul – 3 avqustda Afinada yeniyetmələrin dünya birinciliyi keçirilib. Yunan-Roma güləşində böyük məşqçi Taleh İsrafilov, məşqçilər – Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədov Yunanıstana tam heyətlə yollanıbdılar. Yüksək əyarlı medalları bizdən 60 kq-da Əli Nəzərov (qızıl) və 51-da Hikmət Haqverdiyev (gümüş) qazanıblar. Bu növdə ən çox baş mükafat Özbəkistanın payına düşüb: 4 qızıl (48 kq, 51 kq, 71 kq, 80 kq)! Sonra növbə ilə Qırğızıstan (1 qızıl – 55 kq; 2 gümüş – 45 kq, 60 kq), Qazaxıstan (1 qızıl – 45 kq, 2 gümüş – 48 kq, 55 kq), İran (1 qızıl- 92 kq, 1 gümüş- 110 kq), Hindistan (1 qızıl – 110 kq), Ermənistan (1 qızıl- 65 kq) gəlir. Gürcüstanın 2 finalı (65 kq, 80 kq), meydan sahibi (71 kq) və Dünya Güləş Birliyindən (DGB) çıxış edən Rusiyanın 1 gümüş medalı olub (92 kq). Sıralamada Azərbaycan 4 ölkədən geri qalıb. Arazın o tayının millisi bürünc sayında bizi xeyli üstələyib (+4-1).
Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyev də 10 çəkinin hər birinə güvəmişdilər. Bu növdə tək Hüseyn İsmayılov (65 kq) dövlət himnini səsləndirilməsinə nail olub. ABŞ 4 qızıl (45 kq, 48 kq, 51 kq, 71 kq) və 1 gümüş (65 kq) medala yiyələnib! DGB-dən Rusiya 2 qızıl (92 kq, 110 kq), Yaponiya 1 qızıl, 1 gümüş (55 kq, 60 kq), Ukrayna 1 qızıl mükafat qazanıb (80 kq). İran 5 finalın (45 kq, 48 kq, 71 kq, 80 kq, 92 kq) hamısında, Özbəkistan 51 kq və 55 kq-da, Hindistan təmsilçisi 110 kq-da yenilib. Bu növdə də AGF 3 ölkəni özündən irəli buraxıb. İranın 5 gümüş medalı gələcək yarışlarda irəliləməyə sədd çəkə bilər.
Qızlarda böyük məşqçi Həsrət Məmmədyarov bu mübarizədə Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq) və Esra Məmmədliyə (57 kq) fürsət verib. Qızlar bu dəfə özlərini doğrultmayıblar. Çin 3 qızıl (53 kq, 69 kq, 73 kq) və 1 gümüş (43 kq), Hindistan 2 qızıl (43 kq, 65 kq), 3 gümüş (57 kq, 61 kq, 73 kq), ABŞ 2 qızıl (49 kq, 61 kq) və 1 gümüş (53 kq), Özbəkistan 1 qızıl (40 kq) və 1 gümüş (65 kq), Qazaxıstan 1 qızıl (57 kq) medala sahib çıxıb. Yaponiyada 2 final (40 kq, 49 kq), Macarıstanda (46 kq) və Almaniyada 1 final olub (69 kq).

Zirvəyə yol gənclərdən, AGF-də maraqlardan keçir
17-24 avqustda Bolqarıstanın Samokov şəhərində gənclərin dünya birinciliyi təşkil edilib. Yeniyetmələrdən fərqli, bu yaş çevrəsində nəticələr daha önəmli sayılır, çünki peşəkar idmana gedən yol buradan başlayır. Gənclərdə çəkilərin böyüklərlə eyni dərəcədə olması da bunu təsdiqləyir. Yunan-Roma güləşində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Turac Hüseynli, Emin Əhmədov və Zöhrab Abbasov bu səfərə bütöv şəkildə üz tutmudular. 60 kq-da Ayxan Cavadovun 1-ci, 55 kq-da Turan Daşdəmirovun 2-ci yer tutmalarına fərəhlənmək olar. Adı ilk çəkilən idmançımız uğura olimpiya çəkisində yetişib. Amma gəlin rəqiblər də nəzər yetirək, görək bu mücadilədə üstünük, yoxsa geridəyik.
DGB-ni təmsil edən Rusiya 2 qızıl (82 kq, 130 kq) və 1 gümüş (67 kq) medala yiyələnib. Bunlardan 2-si olimpiya çəkisidir. Gürcüstan da eyni sayda “qızıl”a bürünüb (77 kq, 87 kq). Hər 2 çəki olimpiya proqramına daxildir. İran 1 qızıl (55 kq), 2 gümüş (77 kq, 97 kq) və Ermənistan 1 qızıl (72 kq), 2 gümüş medala sahib çıxıb (60 kq, 63 kq). Arazın o tayının “gümüşlər”i “qızıl”a bərabərdir. Özbəkistan bizim kimi 1 qızıl (63 kq), 1 gümüş (72 kq) mükafata nail olub. Qırğızıstan (67 kq) və Ukrayna (97 kq) güləşçiləri 1 dəfə zirvəyə çıxıblar. Qazaxıstan (82 kq) və Türkiyə (130) bir dəfə final həyacanı yaşayıb. Bu rəqabətdə 4 ölkədən geri qalmışıq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Nazim Əlicanov, Rövşən Hacıyev və Əşrəf Əliyev də dünya birinciliyinə tam qüvvə ilə atılmışdı. Təəssüf ki, sərbəst güləşdə finala çıxış olmayıb. Bu növdə əsas aparıcı ölkələr qızıl və gümüşü öz aralarında bölüblər: ABŞ bu sırada aman verməyib (5 qızıl – 61 kq, 65 kq, 70 kq, 86 kq, 97 kq və 1 gümüş – 79 kq). DGB-dən Rusiya 2 qızıl (57 kq, 74 kq) və 2 gümüş (86 kq, 97 kq) qazanıb. Şimal qonşumuz sərrast olub – hər 4 medal olimpiya çəkisindədir. “Yankilər”də bu nisbət 6-dan 3-dür. İran 1 qızıl (79 kq), 2 gümüş (61 kq, 125 kq), Qazaxıstan 1 qızıl (125 kq), 1 gümüş (92 kq), Özbəkistan 1 qızıl (92 kq) sahib çıxıb. Hindistan (57 kq), Yaponiya (65 kq), Moldova (70 kq) və Qırğızıstan (74 kq) hərəyə 1 dəfə 2-ciliklə kifayətləniblər.
Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizə aparıblar. Adı 2-ci çəkilən təmsilçimiz 2-ci yer tutub. Bu çəki olimpiya proqramına düşdüyündən məşqçilər heyəti idmançımıza xüsusi nəzarət etməlidir. Ümumi nəticələrdə gözlənilməzlik olmayıb, öncüllər özlərini bir daha sübut ediblər. Dünya səhnəsində bu növdə daim iddialı Yaponiya 5 qızıla (50 kq, 53 kq, 59 kq, 65 kq, 68 kq) yiyələnib. Onlardan 3-ü olimpiya çəkisidir. Hindistan 2 qızıl (57 kq, 72 kq), 3 gümüş (55 kq, 68 kq, 76 kq) qazanıb. 5 finalın 3-ü olimpiya proqramına daxildir. Güclü qadın güləşi məktəbinə malik Ukrayna 1 qızıl (76 kq), 1 gümüşə (53 kq) yetişib. Bu 3 çəki də olimpiadadadır. ABŞ və Çin eyni nəticə göstərib: amerikalılar 55 kq-da, asiyalılar 62 kq-da zirvədə olublar; “yankilər”də gümüş 50 kq-da, “qıyıqgözlər”də 72-kq-dadır. Norveç (57 kq), İsveç (59 kq), DGB (65 kq) hərəyə 1 dəfə finalda yeniliblər.
Hər bir məsələdə öz rifahını düşünmək adi haldır, amma ilk növbədə işə peşəkar yanaşmalısan. Nüfuzlu yarışlarda kiçik uğur belə AGF əməkdaşlarına mükafat gətirir. Hədəfə düzgün və gedişata dərin yanaşanda, o sənə daim gözəl güzəran bəxş edəcək. Kiçik uğurun ömrü də az olur.

“Klassiklər”in “klassik” oyunları. Yanıltma hara qədər? Ümid ancaq “sərbəstlər”ədir!
13-21 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı keçirildi. Yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçi Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi ilə millimiz 1 dəst medal qazandı: Ülvü Qənizadə (72 kq) 1-ci, Həsrət Cəfərov (67 kq) 2-ci və Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) 3-cü oldu. 10 nəfər heyət üzvündən cəmdə adı 2-ci çəkilən təmsilçimiz olimpiya çəkisində fərqlənə bildi. Geniş tərkibdə məşqçilər korpusu, Azərbaycan güləşində yeni rekord və “klassiklər” komanda hesabında dünya 2-cisi olsa da, bu, heç nəyi dəyişmir və görüntü olaraq qalır. Paris-2024-dən öncə heyətdə yaranan daxili narazılıq sakit şəkildə davam etməkdədir. Bir neçə titullu güləşçi məşqçi Həsən Əliyevi ayrı-seçkilik salmaqda, şəxsi tələbəsi kimi adı yazılan Həsrət Cəfərova daha çox diqqət göstərməkdə suçlayır. Ümumiyyətlə, 2022-ci ildən bəri AGF-in nəticəyə məsul rəhbər şəxsləri belə komanda fərqlənmələri ilə federasiya przidenti Mikayıl Cabbarov ilə idman ictimaiyyətini yanıltmaq və GİN-in başının altına yastıq qoymaqla məşğuldurlar.
Son dünya çempionatında İran 4 qızıl (67 kq, 82 kq, 97 kq, 130 kq) və 2 gümüş (55 kq, 87 kq) medala yiyələnməlkə, 4 olimpiya çəkisində finala iddialı olduğunu nümayiş etdirdi. Gürcüstan və Özbəkistan müvafiq olaraq 1 qızıl (55 kq/63 kq) və 1 gümüş (82 kq/60 kq), Qazaxıstan (60 kq), Ermənistan (77 kq) və Serbiyanın (87 kq) 1 qızılı olimpiya ab-havasındadır. Koreya (63 kq), Fransa (72 kq), DGB-dən Rusiya (97 kq) və Macarıstan (130 kq) hərəyə 1 gümüş medala sahib çıxdılar.
“Sərbəstlər”də baş məşqçi Xetaq Qazyumov,böyük məşqçi Cəbrayıl Həsənov, məşqçi Taymuraz Kokoyev və Şərif Şərifovun heyətə daxil etdiyi 10 idmançıdan tən yarısı medal qazandı. Sevindiricidir ki, bu dəfə ağır çəkilərdə çıxış edənlər özlərini doğrultdular. Xatırlayısınızsa, güləşimiz əvvəllər həmin istiqamətdə axsayırdı. Bizdən finala qədər irəliləyən olimpiya çəkisində Giorgi Meşvildişvili (125 kq) oldu. Nürəddin Novruzov (61 kq), Arseni Cioyev (86 kq), Osman Nurməhəmmədov (92 kq) 3-cü yer tutdular. Burada 2 çəkinin ağırlığı daha çoxdur. “Klassiklər”lə müqayisədə açıq görünür ki, sərbəst güləşdə hədəf düzgün götürülüb, qalır ona yetişmək. Hegemon güləş dövlətləri ilə olimpiya çəkisində eyni sayda fərqlənmək böyük işdir. Xetaq Qazyumov və ətrafı komandada xoş ovqat yaradıb – içdə nə narazılıq var, nə də artıq söz-söhbət.
Bu növdə favoritlər yenə özlərini doğrultdular. ABŞ 3 qızılı ağır çəkilərdə götürdü: 86 kq, 92 kq, 97 kq. Demək, Los Anceles-2028-də əsas rəqiblərimizdən olacaqlar. 79 kq-da gümüş də onların hesabındadır. İran və Yaponiya müvafiq olaraq hərəyə 2 qızıl (65 kq, 125/ 70 kq, 74 kq) və 2 gümüş (61 kq, 97 kq/ 65 kq, 86 kq) qazandılar. Olimpiya çəkilərində qənimətlər də eynidir – 3! DGB-dən Rusiya 1 qızıl (61 kq) və 1 gümüş (92 kq), KXDR (57 kq) və Yunanıstan 1 qızıl (79 kq) medala sahib çıxdı. Qırğızıstan (57 kq), Monqolustan (70 kq), Albaniya (74 kq) gümüş mükafata yiyələniblər.
Qadınlarda baş məşqçi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarov 57 kq-da Jalə Əliyevaya, 59 kq-da Günay Qurbanova və 62 kq-da Birgül Soltanovaya etimad göstərmişdi. Hər 3 idmançı elə ilk tutaşmada yenilərək yarışla vidalaşdı.
Bu DÇ-də “zəriflər”də Yaponiya və KXDR qənim kəsildi. “Gündoğar ölkə”nin təmsilçiləri 53 kq, 59 kq, 62 kq, 65 kq və 68 kq-da fəxri kürsünün zirvəsinə qalxdılar. Bunlardan 3-ü olimpiya çəkisidir. “Sühb şəfəqi yudru”nun güləşçiləri 2 qızıl (50 kq, 55 kq) və 2 gümüş (55 kq, 62 kq) mükafata yiyələndilər. Ukranya və Ekvador müvafiq olaraq 1 qızıl (72 kq/76 kq) və 1 gümüş (59 kq/53 kq); ABŞ (57 kq) 1 qızıla nail oldu. DGB-dən Rusiya 2 gümüş (57 kq, 65 kq), Çin (50 kq), Bolqarıstan (68 kq), Türkiyə (72 kq) və Qırğızıstan (76 kq) hərəyə 1 gümüş əyara sevindilər. Əksər mükafatlar olimpiya çəkisindədir. Digər aparıcı ölkələrdən Monqolustan, Hindistan, Kanada və Moldova bu dəfə bürünclə kifayətləndilər.
Ümumilkdə, durum ürəkaçan deyil. Olimpiya çəkisində DÇ-də son dəfə qızıl medal yunan-Romada 2015-də, sərbəstdə 2017-də, qadınlarda 2019-da olub…

Nəsiminin dərisi belə soyulmamışdı
20-27 oktyabrda Serbiyanın Novı Sad şəhərində 23 yaşlıların dünya çempionatı baş tutub. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi ilə yunan-Roma güləşində Elmir Əliyev (55 kq) Ziya Babaşov (63 kq) fəxri kürsünün zirvəsində yer alıblar. Hər 2 çəki qeyri-olimpiya çəkisidir. AGF adəti üzrə yenə rekordlardan yazıb, komanda hesabında 3 medalla 3-cülüyü böyük uğur kimi ictimaiyyətə təqdim edib. Məsələ ondadır ki, Ruslan Nurullayevin (72 kq) qazandığı bürünc medal da olimpiya proqramında deyil. Bəs yaxşı, Los Anceles-2028-də kim(lər) finala çıxacaq? Olmaya, okeanın o tayına 4 il AGF-in baş katibi olmuş Nəsimi Musayev hazırlaşır? Bu müsibət Nəsiminin “Ağrımaz”a bənzəyir.
Rəqiblərə nəzər yetirək: Zaqrebdə dünya çempionatında 4-ü olimpiya çəkisi olmaqla, 4 qızıl (67 kq, 82 kq, 97 kq, 130 kq), 2 gümüş (55 kq, 87 kq) medala yiyələnən İran ilin son ciddi sınağında 3 qızıl (72 kq, 87 kq, 130 kq) və 1 gümüşə (60 kq) nail olub ki, mükafatlardan 3-ü olimpiya proqramındadır. Ukranya 3-ü olimpiya çəkisində 2 qızıl (77 kq, 97 kq), 2 gümüş (82 kq, 87 kq), Moldova 1 qızıl (82 kq), 1 gümüş (63 kq), Yaponiya və Misir olimpiya çəkilərində müvafiq olaraq 1 qızıl (60 kq/67 kq) medala yetişiblər. DGB-dən Rusiya (55 kq), Özbəkistan (72 kq), Gürcüstan (67 kq), Qazaxıstan (97 kq) və Ermənistan (130 kq) hərəyə 1 gümüşlə kifayətləniblər. Adları son 3 çəkilən ölkələr olimpiya çəkilərində yer tutublar.
Qadınlara gəldikdə, baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Serbiyaya yollanan 7 güləşçidən özünü Günay Qurbanova (59 kq) doğrulub. 18 yaşı tamam olan istedadlı idmançı öz ad günündə hədiyyə edib. Amma onun da çəkisi olimpiya proqramında deyil. Yəqin, “klassiklər”in bu nəticəsi AGF-in təzə baş katibi Pərvin Piriyevi düşündürəcək. Gələn ay AGF-in hesabat-seçki konfransı gözlənilir. Toplantıdan sonra futbolu güləşə dəyişən yeni icraçı köklü islahatlar aparmasa, o da ətalətə düşəcək. Çünki məddahlıq və görüntü olan yerdə heç vaxt inkişaf və davamlı uğur olmur. AGF hazırda daxildə bütün sahədə axsayır. Bu azmış kimi, hər növdə münaqişə ocağı yaranıb – istəmədən yaradılıb. Yaxın gələcəkdə əsas milli tağımları iç gərginlik və bölünmə gözləyir.
Zaqrebdə olduğu kimi, Novı Sadda da yaponlar qadınlarda diqtə ediblər. Onlar 4 qızıl (53 kq, 57 kq, 59 kq, 62 kq) medal qazanıblar. Həmin çəkilərdən 3-ü olimpiya dərəcəsindədir. Maraqlıdır ki, son dünya çempionatında at oynadan KXDR bu yarış qatılmayıb. DGB-dən Rusiya 1 qızıl (65 kq), 3 gümüşə (57 kq, 68 kq, 76 kq) yiyələnib ki, aşağı əyarların hamısı olimpiya çəkilərindədir. Çin, qardaş Türkiyə və ABŞ müvafiq olaraq 1 qızıl (50 kq/68 kq/76 kq) və 1 gümüşə (65 kq/55 kq/72 kq) sahib çıxıb: Qazaxıstan 55 kq-da və Qırğızıstan 72 kq-da zirvədə olub. Hindistan 53 kq-da və Ukrayna 62 kq-da 2-ci olub.
Sərbəst güləşçilərimizə gəlincə, onlar hər zaman olduğu kimi sonda yaxın gələcəyə ümid yaradıblar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə 70 kq-da Kənan Heybətov 1-ci, DÇ-də siftə edən 21 yaşlı Hetaq Qarsanov 125 kq-da 2-ci, digər debütant 22 yaşlı Əli Sokayev 86 kq-da olub. Legionçularımız olimpiya çəkilərində fərqləniblər. Bu yarışda ən çox qızıl medalı ABŞ qazanıb: 4 (57 kq, 61 kq, 74 kq, 79 kq). Burada 2 çəki olimpiya proqramındadır. İran 2 qızıl (92 kq, 125 kq) və 1 gümüş (70 kq), DGB-dən Rusiya və Yaponiya müvafiq olaraq 1 qızıl (86 kq/97 kq) və 1 gümüş (92 kq/57 kq), Hindistan 1 qızıla (65 kq) yiyələnib. Türkiyə 2 gümüş (74 kq, 79 kq), Qırğızıstan (61 kq), Özbəkistan (65 kq), Moldova (86 kq) və Gürcüstan (97 kq) hərəyə 1 gümüş medala sahib çıxıblar. Göründüyü kimi, sərbəst güləş millimizdə faydalı iş əmsalı qənaətbəxşdir.
Söz yox ki, həyat davam edir və onun öz tələbləri var. Vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Ən vacibi, bütün bunlarla Azərbaycan güləşi, sadəcə, dünya arenasında təkcə öz mövqeyini möhkəmləndirmir, eyni zamanda, tarixi keçmişinin həqiqətlərini bərpa edir. Güləşçilərimizin uğurları, tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Təbii ki, bu da olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə uğurdan söz düşəndə ilk növbədə bahadırlarımızın adları çəkilir…
Hazırladı: Kamran HACI