Prosineçki: “Milli udsa da, uduzsa da, mətbuatla münasibətlərim yerinə qalacaq”

Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki bu dəfə Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan “Simurq” – “Qarabağ” (2:3) matçını izlədi. Xorvatiyalı mütəxəssis oyun başa çatdıqdan sonra apasport.az saytının suallarını cavablandırıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Bölgədə izlədiyiniz ilk oyunla bağlı nə deyə bilərsiniz?
– Maraqlı qarşılaşma izlədik. Futbolçular çox hərəkətli idilər, sürət əla idi. Belə oyunu izləmək üçün Bakıdan Zaqatalaya 6 saatlıq yolu qət etməyə dəyərdi. Özüm üçün vacib qeydlər götürdüm, müəyyən nəticələr çıxardım. Əlbəttə, stadiondan matçı canlı izlədiyimə görə şadam.

– Vacib məqamlar deyərkən, nəyi nəzərdə tutursunuz?
– Son 4 gün ərzində “Qarabağ”ı ikinci dəfədi izləyirəm. Baş məşqçi bəzi mövqelərdə dəyişiklik etmişdi. Matçın əvvəlində hiss olunurdu ki, “Qarabağ” öz oyununu tapa bilmirdi. Amma sonradan daha yaxşı oynamağa başladı. Bununla bağlı bəzi qeydlər apardım.

– “Qarabağ”ın heyətində Fransada izləyə bilmədiyiniz bir neçə yeni gənc futbolçu meydana çıxmışdı. Onların oyunu necə, diqqətinizi cəlb etdimi?
– Bir-bir adları çəkmək istəməzdim. Komanda şəklində “Qarabağ” yaxşı çıxış etdi. Oyunları məni qane etdi.

– İkinci hissədə meydana daxil olan Vüqar Nadirovun oyunu sizin diqqətinizi cəlb etdimi?
– Vüqar maraqlı oyunçudur. Onun nəyə qadir olduğunu Fransada gördüm. Zaqatalada isə 20-25 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, ayın sonuna qədər burda qalıb, digər oyunları da izləyəcəyəm.

– Çempionatın 4 oyununu izləmisiniz. Sizdə Premyer Liqa haqda hansı fikir formalaşıb?
– Premyer Liqanın səviyyəsi haqda müsbət şeylər danışa bilərəm. İndiyə qədər gördüklərim məni qane edir. Komandalar mübarizə aparır.

– Berti Foqts yığmamızda işlədiyi müddətdə mətbuatla daim problem yaşayıb. Siz necə, hazırkı münasibəti sona qədər qoruyacaqsınız, yoxsa müqavilə imzaladıqdan sonra vəziyyət dəyişəcək?
– Xeyr, mətbuatla daim qarşılıqlı münasibətdə işləyəcəyəm. Bunun oyunların nəticəsinə heç bir aidiyyatı olmayacaq. Komanda istəyir udsun, istəyir uduzsun, amma mətbuatla münasibətlər yerinə qalacaq.

Həmin kateqoriyadan