- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakı”nın hücumçusu Nurlan Novruzov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– “Xəzər Lənkəran”la oyunda komanda yoldaşların niyə bir-birinə qarşı aqressiv davranırdı?
– Problemlərimiz çoxdur. Bəlkə də bir-birimizin sözünü götürə bilmirik, ona görə belə hallar yaranır. Adi bir söz bizi incidə bilir. Amma yenə də hər şeyi normal qarşılayırıq.
– Jabanı da baş məşqçi bu səbəbdən əvəzlədi?
– Yox, Jaba oyunda çox danışsa da, onun əsas məqsədi bizə dəstək olmaqdır. Düzdür, problemlər ona təsir edir. Onun da ailəsi var. Çətinliklər hər şeyə təsir edir.
– Risto Ristoviçlə Lukas Mario Hovartın getməyi komandanın oyununa təsir edirmi?
– Bəli, onların yoxluğu bizə əlavə çətinliklər yaradır. Horvatın yoxluğu orta xətdə xüsusi problemlərə səbəb olur.
– Qış fasiləsinə az qalıb. Komandadan ayrılacaq futbolçuların sayı çoxdurmu?
– Aqil Məmmədov getdi. Başqa çox futbolçu “Bakı”dan ayrılmaq istəyir. Elə mən də onların arasındayam. Amma biz getsək də, gənc futbolçular çoxdur, onlar “Bakı”nın uğurları üçün çalışacaqlar.
– Bildiyimizə görə, əsas məqsədin Azərbaycanda qalmaqdır. Hansı klublardan təkliflər almısan?
– Azərbaycanda qalmaq istəməyimin əsas səbəbi bu il bombardirlik uğrunda mübarizəmi davam etdirməkdir. Mövsümün yarısında getsəm, çəkdiyim əziyyətlər hədər gedəcək. Həm də Avropa klublarına, hətta Türkiyənin PTT 1-ci Liqasına gedəndə nəsə etməlisən. Buna tam hazır olmadığımı düşünürəm.
– Səncə, Türkiyə ikinci liqası Azərbaycan Premyer Liqasından səviyyəli çempionatdır?
– Məncə, builki çempionatımızdan güclüdür. Çünki bu mövsüm komandalar çox zəif çıxış edir. Çempionatın ortasında “Araz Naxçıvan” mübarizəni dayandırdı. Bu da hər bir komandanın oyununa təsir etdi. Doqquz komanda qaldı və rəqabət də azaldı. Amma Türkiyə ikinci liqasında mübarizə çox komanda arasında gedir. ”Qarabağ” və digər bir-iki komandanı çıxmaq şərtilə onlar daha üstündür.
– Yerli klublardan ən çox hansında oynamaq istərdin?
– Əlbəttə ilk pillədə qərarlaşan və çempionluq uğurunda mübarizə aparan komandalarda. Bu gün çox futbolçuların arzusudur ki, ”Qarabağ”da, ”Neftçi”də, ”İnter”də, ”Qəbələ”də oynasın.
– Bu klubların hansındansa təklif almısan?
– Sözün açığı, heç bir klubdan real təklif almamışam. Bəzi menecerlər əlaqə saxlayır. Mən də çempionatın ilk yarısının bitməsini gözləyirəm.
– Millimizin baş məşqçisi Robert Prosineçki demək olar ki, çempionatda bütün oyunları izləyir və gənclərə şans verəcəyini söyləyir. Sən də dəvət alacağına ümid edirsənmi?
– Beti Foqtsun vaxtında heç bir ümidim olmasa da, indi çoxdur. Yeni baş məşqçi oyunlarımızı izləyəndə əlimizdən gələn hər şeyi edirik ki, onun güvənini qazanaq. Öz üzərimdə daha çox işləyirəm və ümid edirəm ki, bir gün mənə də dəvət göndərərlər.
– “Bakı”dakı maddi problemlərin həll olunmasını gözləyirsən, yoxsa başqa kluba gedəcəksən?
– Artıq bir ildir ki, tam pulumuzu almırıq. Demək olar, on beş aydır burda pulsuz oynayıram. Mən öz adıma deyirəm ki, pul istəmirəm, sadəcə, sənədlərimi versinlər, problem yaratmasınlar, gedim başqa komandaya.