“Qəbələ” “İnter”ə qalib gəldi

2015/16 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” 3-cü yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Türkiyədə baş tutan təlim-məşq toplanışında 2 görüşdə qüvvəsini sınayan “qırmızı-qaralar” vətənə döndükdən sonra ilk matçda “İnter”lə qarşılaşıb.

Roman Qriqorçukun komandasının Bakı klubu ilə qarşılaşması Qəbələdə baş tutub. Komanda görüşə aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Ürfan Abbasov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Aleksey Qay, Dodo, Rəşad Sadiqov, Cavid Hüseynov, Sergey Zenyov, Aleksey Antonov.

Qarşılıqlı hücumlarla başlayan qarşılaşmada azarkeşlər gərgin və maraqlı oyuna şahid olub. Doğma publika önündə fəal oyun nümayiş etdirən “Qəbələ” ilk yarıda qonaqların qapısına yol tapa bilməyib. İkinci hissədə Samir Zərgərov Dodonu, Arif Daşdəmirov Məhəmməd Mirzəbəyovu əvəzləyib. Bir neçə dəqiqə sonra Andrey Popoviçə də şans verən Roman Qriqorçuk onu Dmitri Bezotosnının yerinə meydana buraxıb. Qismət Alıyev və Asif Məmmədov isə müvafiq olaraq Rəşad Sadiqov ilə Cavid Hüseynovun yerinə oyuna daxil olub.

68-ci dəqiqədə “Qəbələ” hesabı açıb. Komandanın yeni transferi Aleksey Antonovun gözəl zərbəsi dəqiq və qarşısıalınmaz olub – 1:0. Hesabın açılmasından sonra da dəyişikliklər edən baş məşqçi gənclərə də şans verib. Elvin Camalov Qayın, Murad Musayev Vernidubun yerinə oyuna daxil olub. Qarşılaşmada yeganə qolun müəllifi Antonov isə görüşün sonlarında meydanı tərk edib. O, Roman Hüseynovla əvəzlənib. Beləliklə, 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” yoxlama oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Qeyd edək ki, mövsümlərarası fasilədə ilk iki oyununu Türkiyədə keçirən “Qəbələ” Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan