- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
Bu yaxınlarda Robert Prosineçkinin baş məşqçilik etdiyi əsas futbol komandamız dünya çempionatı-2018-in seçmə mərhələsində səfərdə San Marino millisi ilə görüşüb. «Ay-ulduzlular»ımız matçın gedişində 10 nəfərlə qalan rəqibə güc-bəla ilə 1 qol vurub qələbə qazanıb. Sovet dövründə bu kimi qiymətləndirməyə, müəllimlərimiz «sənə tramvay (və ya trolleybus) altında qalan 3 yazıram» deyirdilər. Bu, Mikayıl Nərimanoğlunun yaxşı xatirində qalar, axı Elxan Məmmədovun söz daşıyanı, hər necə olsa da, SSRİ-nin duzlu-şirin vaxtlarını yaşayıb.
Hər şey cəhənnəmə, oyun bitdikdən sonra, «Qəbələ»nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun biədəb hərəkəti Azərbaycan adına utancverici idi. Yaxşı yadımdadır, məktəbdə xocalarımız tərbiyə mövzusunda tez-tez bu ifadəni işlədərdilər: «Uşaq evin güzgüsüdür». Onun yersiz jestinin izahı da verilib, rəqib futbolçu «bizimkindən» üst futbol geyimini dəyişməsini xahiş edib. Məhəmməd (heyif bu ada) də cahilcəsinə əllərini bir-birinə bitişdirərək, biabırçı hərəkəti göstərib. Ətraflı yazmıram, «Qəbələ»nin futbolçusu deyiləm ha, tərbiyəsizlikdə ona tay olam. Guya başa salmaq istəyib ki, versəm, rəhbərlik onu o məsələ… Hm, küt bəhanədən başqa bir şey deyil.
Mirzəbəyova deyən lazımdır, futbol köynəyini istəyir, ver də, tapılmır? İndi bəyəm Fuad Musayevin dövrüdür ki, hansısa oyunçumuz mərhələlərin birində, sanballı rəqiblə qarşılaşmadan sonra idman geyimini dəyişmişdi; amma bizdə mövsümlər ərzində hərəyə cəmi bir forma sifariş olunduğundan, qarşı tərəfdən «ay-ulduz»lu futbol köynəyi geri alınmışdı. İndi baş sponsor SOCAR-dır, neft də məlum olduğu kimi xalqın milli sərvətidir. Ola bilsin, bizə KİV-ə ayrılmalı olan müəyyən diqqət və qayğı yığma komandamıza edilir. Belə yağlı şərait olan yerdə, obrazlı, Maqomed niyə qarın ağrısına düşüb? Anlayıram, onun nə vecinə, əslən dağıstanlıdır, Azərbaycan nə vecinə, üçdə alacağı var, amma beşdə verəcəyi yoxdur, bu məmləkətin adı, imici, sanı-sayı, onun nəyinə lazım, təbii ki, bu jest Mirzəbəyov üçün zibil tullantısıdır. Nə gedir bağdan, Azərbaycandan gedir, Məhəmməddən yox.
Deyirlər, futbolçu namaz qılır. Bu durumda, Allaha ibadət edən şəxs əməli saleh kimi digərlərinə nümunə olmalı deyil? Yaxşı, onda Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ilə onun arasında nə fərq oldu?
Deyəsən, «Qəbələ» futbolçularının tərbiyəsizliyi adət halına çevrilib. Ötən il Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda keçirilən “Apollon” – “Qəbələ” matçının son dəqiqələrində komandanın yarımmüdafiəçisi Cavid Hüseynov 11-metrlik cərimə zərbəsindən sonra hesabı bərabərləşdirərkən, qol sevincini kiprli azarkeşlərə biədəb hərəkət göstəməklə stadionda gərginlik yaratmışdı. Sonrakı hadisələr hamıya bəllidir. Jurnalist Rasim Əliyevin ölümündə günahkar bilinən futbolçuya 4 il iş verildi, Allah qapısını açsın. «Qəbələ» camiəsi orda-burda danışıb ki, guya Cavid Hüseynovun günahı yoxdur. Amma məhkəmədə sübut edilib ki, qohumları tərəfindən həmkarımızın görüşə çağırılması və orada cəzalandırılacağından xəbəri olub. Belədə, «qırmızı-qara» sifət göstərib onun suçsuz olmasını iddia etmək nə demək? Belə çıxır, «Qəbələ» komandası Azərbaycan hüquq-mühafizə orqanlarının düzgün çalışmasına şübhə ilə yanaşır!
Məhəmməd Mirzəbəyovun məlum hərəkəti sözü gedən klub adına KİV-də elə də qabardılmadı. Aydın məsələdir, əyalət təmsilçisinin əksər media orqanlarına təsir imkanı var; «Qarabağ»ın Çempionlar Liqasının 3-cü ələməsində «Viktoriya» səddini aşa bilməməsindən sonra, «Qəbələ»nin təriflənərək, bu kluba qarşı basqının artması, Qurban Qurbanovun «qismət» sözünün məsxərəyə qoyulmasının arxasında, ehtimala görə, «qara-qırmızılar»ın dayanması söylənilir. Amma bir məsələ var: sirkə tünd olanda, öz qabını çatladır.
İndi məni bir məqam düşündürür: Cavid Hüseynov kiprli azarkeşlərə əllərini yumruq halına gətirib, qollarını xaçvari birləşdirib o biədəb gest göstərib, Məhəmməd Mirzəbəyov əlini yumub digərinin iç tərəfini onun böyrünə toxunduraraq, məlum biabırçılığı edib. Qalır lap sonuncusu, 2 əli ayrılıqda yumrulayıb bədəninin bazu tərəfinə gətirərək, bir neçə dəfə arxaya-qabağa hərəkət etdirmək. Maraqlıdır, onu «Qəbələ»nin hansı futbolçusu nə vaxt və matçın gedişinin hansı məqamında edəcək?
Amma başqa çıxış yolu da var: klub özünə, adına və formalaşmaqda olan imicinə bir az ciddi yanaşıb, ona artıq ayaq almağa başlamış, həm də ədəbsizcəsinə genişlənmək ehtimalı bariz görünən bu özbaşınalıq siftə-nümunələrinin qarşısını almalıdır ki, bumeranq effekti ilə öz başında çatlamasın. Bunun sonrakı ayaq-açıb yeriyəcək və qarşısı alınmayacaq şayiələrinin məzmun və mahiyyəti məlumdur: filankəslərə aid, filankəslərə yaxın, filankəslərin (daha nə bilim daha hansı təyini-təbirlərin) klubudur; hər şey əllərindədir, necə istəyirlər… və s. Ehtiyatlı olun, hər gecənin gündüzü olduğu kimi, hər gündüzün də bir gecəsi olur. Mən dediyimi dedim, amma bir gün siz də «demədi» deməyin.