Qalib yeniyetmə ağırlıqqaldırma yığmamız mükafatlandırılıb

Tofiq Heydərov: “Biz federasiya olaraq gənc nəslin uğur qazanması üçün böyük işlər həyata keçiririk”
Kosovonun paytaxtı Priştina keçirilmiş 15 və 17 yaşlı ağırlıqqaldıranların Avropa birinciliyində 11 medal qazanaraq qitənin ən güclü yığması adını qazanan Azərbaycan millisi Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, ənənəvi olaraq, AAAF-in rəhbər heyəti qalib və mükafatçıları, uğurda əməyi olanları mükafatlandırmaq üçün mərasim təşkil edib. Tədbir yığmamızın mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında vitse-prezidentlər Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulovun iştirakı ilə keçirilib. İlk öncə rəhbərlik arxada qalan yarış barədə fikirlərini bölüşüb.
Vitse-prezident Tofiq Heydərov Kosovodakı Avropa birinciliyində əldə edilən nəticəni Azərbaycan ağır atletika tarixində özünəməxsus yer tutacağını bildirib: “Biz federasiya olaraq gənc nəslin uğur qazanması üçün böyük işlər həyata keçiririk. Bilirik ki, hər şey məhz onlardan başlayır, onların qələbələri gələcək çempionluqlar üçün mənbə, təməldir. Kosovoda qazanılan nəticəyə hamımız çox sevindik. Biz sübut etdik ki, qadağan olunmuş preparatları qəbul etmədən, istedad və çalışma gücü ilə uğur əldə etmək olar. Qarşılaşdığımız maneələr bizi qorxutmur, çəkindirmir. Fərdi mükafatlarla yanaşı, bu uğurun komanda hesabında əldə edilməsini də xüsusi vurğulamaq lazımdır. Rəhbərlərdən tutmuş ən sıravi idmançı, inzibatçıya qədər gücü bir yerə qoymaq, kollektiv uğur üçün var gücü ilə çalışmağın nəticəsini belə görmək bizə böyük zövq verir. Çünki əziyyətimizin bəhrəsini görürük. İnanıram ki, bu uğurların davamı gələcək. Yeniyetmələrdən ibarət yığmamızdakı nizam-intizam, çalışma həvəsi, ardınc da qazanılan uğura görə məşqçilərimizə təşəkkür, hər kəsi təbrik edirəm”.
Sonra federasiyanın baş katibi Rizvan Rəsulov çıxış etdi: “Yeniyetmə atletlərimizin bu uğuru ortaya qoyulan əmək, görülən işin nəticəsidir. AAAF olaraq dopinqə qarşı yüksək səviyyədə mübarizə aparırıq. Kosovodakı nəticələr göstərir ki, istedadlı atletlərimiz bu preparatlarsız da çempion ola, medal qazana, üstəlik rekordlar da yeniləyə bilərlər. Maksimum şərait yaradılandan, qidalanma və məşq prosesi düzgün aparılandan sonra uğur qaçılmazdır. Bir daha hər kəsi təbrik edir, qarşıdakı bütün yarışlarda da qələbələr arzulayıram”.
Sonda vitse-prezident Ruslan Xanverdiyev qalib və medalçılar, milli komandamızın digər üzvləri, həmçinin məşqçilər heyətinə mükafatları təqdim edib.

Həmin kateqoriyadan