“Qarabağ” “Bakı” ilə üz-üzə

Çempionluq mübarizəsini davam etdirən kişi həndbolçulardan ibarət “Qarabağ” və “Bakı” komandaları ölkə çempionatının 7-ci turunda üz-üzə gələcək.

Allsport.az xəbər verir ki, yarış cədvəlinin lideri olan “Qarabağ” qələbə qazanacağı halda ən yaxın izləyicisi olan “Bakı”dan bir qədər də aralanacaq. “Bakı” isə rəqibini məğlub edərək liderlə xal sayını eyniləşdirməyə çalışacaq. Bu komandaların gərgin və maraqlı mübarizə vəd edən qarşılaşması fevralın 14-ü saat 12:00-da başlayacaq.

Qadınların turnirində də fəxri mükafat uğrunda yarış həlledici mərhələyə qədəm qoyur. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Kür” bu mövsüm artıq bir dəfə məğlub etdiyi “Azəryol”la Bakıda qarşılaşacaq. Son çempion “Azəryol” qalib gəlməklə həm xalların sayında rəqibinə çatmaq, həm də Mingəçevirdəki məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Əks halda “Kür” fəxri mükafat uğrunda daha bir inamlı addım atacaq. Maraqla gözlənilən bu matç fevralın 14-ü saat 16:00-a təyin olunub.

“AHF Arena” idman kompleksində keçiriləcək hər iki qarşılaşma Azərbaycan həndbol federasiyasının “YouTube” kanalında canlı yayımlanacaq.

Həmin kateqoriyadan