“Rəqibləri fərdi qaydada təhlil edirik”

Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq. Allsport.az xəbər verir ki, səfər ərəfəsində sərbəst güləş üzrə millinin baş məşqçisi Xetaq Qazyumov ilin son mötəbər yarışına hazırlığı dəyərləndirib:

“Hazırlıq plan üzrə gedir. Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur.

Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur. İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq.

Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionçulardan təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.   

Həmin kateqoriyadan