Rafiq Rəhimov – 85!

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Əslində, yaşamaq uğrunda mübarizənin əbədi həqiqəti güləşi tam mənada idman və əyləncə hadisəsi olmasına imkan verməyəcək. Elə bu günün özündə də atletikanın haqlı olaraq, bütün idman növlərinin kraliçası və anası sayıldığı kosmos, atom eralarında da güləş böyük tarixi missiyanın daşıyıcısıdır. «İgidlik ondur, doqquzu qaçmaq» məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlılıq güləşin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azaltmayıb. Elə bu günün özündə hansı obaya, oymağa, kəndə ayaq qoysan, təfəkkürün, təlim-tərbiyə, mühit və sosial davranış həqiqətlərinin qoçaqlıq və igidlik ruhuna söykənən pəhləvanlıq üzərində qurulduğunu əyani hiss edə bilərsiniz. Obrazlı desək, indinin özündə də kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, minillərdən bəri torpağı şərqdən qərbə, cənubdan şimala və əksinə, qərbdən şərqə, şimaldan cənuba doğru axınların mərkəzində yerləşən Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır. Bu üzdən güləş idmanın inkişaf perspektivi həmişə olub və olacaq.

Bu gün haqqında söhbət açacağım şəxs köhnə güləşçilərdəndir. Rafiq Hüseyn oğlu Rəhimov 1934-cü ildə Bakıda qulluqçu ailəsində anadan olub. 1951-ci ildə paytaxtda yerləşən 152 saylı orta məktəbi bitirib. İdmana gəlişi 1948-ci ildə təsadüf edib. “Dinamo” könüllü idman cəmiyyətində Maxaradzenin rəhbərliyi ilə güləşin yunan-Roma usulunun sirlərini öyrənməyə başlayıb. Bu mütəxəssis eyni zamanda Azərbaycan respublikasının yığma komandasının baş məşqçisi idi.

1948-1952-ci illərdə Bakı şəhəri və “Dinamo” cəmiyyəti üzrə 18 yaşlılar arasında çempion adını, respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda mükafatlı yerlər qazanıb. O, bir il sonra hərbi xidmətə çağırılıb. Beləliklə, Ordu İdman Klubunda yeni dönəm başlayıb. Azərbaycan birinciliyində öncə 2-ci və 3-cü pilləyə çıxıb, daha sonra çempion adına yiyələnib. Bununla yanaşı, OİK yığmasının heyətində Zaqafqaziya hərbi dairəsi üzrə Tiflisdə keçirilmiş yarışda ən yüngül çəkidə 3-ü yer tutub.1955-ci ildə çempion titulunu qazandıqdan sonra, respublika millisinə dəvət alıb. Özünün dediyinə görə, Helsinki-1952 yay olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyov, dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Rəhim İsmayılov kimi adlı-sanlı güləşçilərlə birgə hazırlaşıb. 1957-ci ildə hərbi xidmət müddəti başa vurduqdan sonra doğma “Dinamo”ya qayıdıb. Onun ilk böyük uğuru 1958-ci ildə Tatarıstan paytaxtı Qazanda olub. SSRİ Ordu İdman Klubları arasında keçirilən yarışda (öz əhəmiyyətinə görə ittifaq çempionatından geri qalmırdı) bürünc medal qazanması istedadlı bahadırın yolunu açıb və o, artıq Sovet yığmasıın tərkibində müxtəlif daxili və beynəlxalq yarışlara qatılıb.

Həmin il Xalq Təsərrüfatı İnstitutunun 1-ci kursuna qəbul olunub və “Bədən tərbiyyəsi kafedrası”na yunan-Roma güləşi üzrə müəllim-məşqçi təyin edilib.
Tələbəlik dönəmində təhsil almaqla yanaşı, “klassik” güləşlə maraqlananlara məşqlər keçirərək, respublika miqyasında müxtəlif yarışlara hazırlayıb.
1963-cü ildə institutu bitirdikdən sonra Eduard Kasparovun baş məşqçi olduğu “Ehtiyat Əmək Qüvvələri”nə dəvət alıb. Cəmiyyətdə çalışdığı dövrdə bir çox güləşçini, o cümlədən, ən yüngül çəkidə SSRİ çempionu olan K.Ağayevin hazırlıq mərhələsində yaxından iştirak edib.

1960-cı ildən respublika dərəcəli hakim adını aldıqdan sonra, bu istiqamətdə də fəlaliyyət göstərib. Müxtəlif şəhərlərdə (Bakı, Şəki, Naxçıvan, Ağdam, Göycay, Şuşa, Laçın və s.) yunan-Roma və sərbəst güləş üzrə respublika birinciliklərinin baş hakimi və ya baş katibi olub. Yarışları yaxşı səviyyəsində keçirdiyinə görə müxtəlif mükafatlarla təltiflənib.
Maraqlıdır ki, 1958-1965-ci illərdə idman jurnalistikası ilə də məşğul olub. Mütəxəssisin müxtəlif yarışlarla bağlı məqalələri respublikanın mərkəzi mətbu orqanlarının səhifələrində güləş xəbərlərinə ayrılmış xüsusi zolaqda dərc edilib.
1965-1995-ci illər ərzində AzSSR, sonradan Dövlət Plan Komitəsi və Nazirlər Soveti sistemində, eləcə də ticarət və müdafiə nazirliklərində məsul vəzifələrdə çalışıb. Təqaüdə çıxandan sonra yarışlarda əldə etdiyi təcrübəni gənc nəslə öyrədib. Hazırda “Günəş” idman cəmiyyəti ilə bu sahədə sıx əməkdaşlıq edir.

2014-cü ildə idman sahəsində göstərdiyi xidmətlərə görə gənclər və idman naziri tərəfindən “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb. O, növbəti müjdəni 2018-ci ildə aldı. Dövlət bədən tərbiyəsi və idman akademiyasında ilin idman yekunlarına həsr olunmuş tədbirdə gənclər və idman nazirliyi tərəfindən təltifləndirildi. 85-illik yubileyini qeyd edən Rafiq Rəhimov 3 uşaq atasıdır. Nəvələrindən güləş idmanına maraq göstərənlər var. İnanıram ki, gələcək nəsildə layiqli davamçılar, yeni çempionlar yetişəcək.

Kamran HACI

Həmin kateqoriyadan