- Baxış sayı: 46
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Ağır atletika federasiyasının baş katibi Rizvan Rəsulov Arazın o tayında işgüzar səfərdə olub. Allsport.az saytı xəbər verir ki, o, İran ağırlıqqaldırma federasiyasının, həmçinin Ərdəbil vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri ilə, veteran, böyük uğurları olan idmançılarla görüşüb, qonşu ölkədə ağır atletikaya yaradılan şəraitlə tanış olub, qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb. Onun səfəri İran mətbuatının da gündəmində olub, yerli KİV-lər baş katibdən müsahibələr alıb. Baş katibin səfərində əsas məqsəd AAAF və İAAF arasında əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıqların başa çatdırılması olub.
Bakıya qayıtdıqdan sonra Rizvan Rəsulov federasiyanın rəsmi saytına müsahibə verərək keçirdiyi görüşlər, əldə edilən nəticələrdən danışıb. Baş katib qeyd edib ki, səfər 2018-ci il martın 28-də Bakıda gənclər və idman nazirliyi ilə qarşı tərəf arasında imzalanmış “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında” anlaşma çərçivəsində həyata keçirilib. Orada İran və Azərbaycan arasında müvafiq idman növlərində – indiki halda ağır atletikada – birgə və çoxtərəfli beynəlxalq turnirlərin keçirilməsi, idmançı və məşqçilərin təcrübə mübadiləsi, hakimlər üçün təhsil kurslarının təşkili, hər iki ölkədə yerli və ənənəvi oyunların, birgə və qarşılıqlı təlim-məşq toplanışlarının təşkili tövsiyə olunurdu. O, həmin məsələlərlə əlaqədar qarşı tərəfin dəvəti ilə iyunun 30-da İrana getdiyini bildirib.
Səfər proqramına əsasən əvvəlcə Ərdəbil şəhərinə yollanan baş katib orada Ərdəbil vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri – Şahin Esbeqian, Afşin Abbaseyi, Bəhruz Nidai, Bəhram Ağaxani və digərləri ilə görüşlər keçirib. Səfər həm də tanışlıq xarakteri daşıdığından R.Rəsulov şəhərdəki ağır atletika zallarına baxıb, orada məşq keçən tanınmış idmançılarla görüşüb. İranda ağır atletika üzrə çoxlu sayda Olimpiya çempionları və mükafatçılar məhz Ərdəbildə yetişib. Orada görüşlər keçirilib, uşaqların məşqləri izlənilib, zallara baxılıb. Sonra Olimpiya çempionu Hosseyn Rezazadənin adına olan stadionda məşqçilər, digər ağır atletika mütəxəssisləri və rəhbər şəxslərlə birgə mətbuat konfransı təşkil edilib.
Rizvan Rəsulov sonra Tehrana səfər edib. Baş katib tərəflər arasında memorandum imzalanması barədə danışıqlar aparıb: “İranda ağır atletika ən önəmli idman növlərindən biridir. Paytaxtdakı görüş zamanı İAAF-ın müvəqqəti prezidenti Əlireza Xosrovi qeyd etdi ki, ağır atletika onların milli xəzinəsidir və onun inkişaf etməsi üçün çalışırlar. Federasiyanın baş katibi Əlihüseyn Biranvənd, həmçinin yerli Gənclər və İdman Nazirliyinin nümayəndəsi Şirvin Esbeqian ilə geniş danışıqlar oldu. İAAF ilkin müqaviləni hazırlamışdı. Biz memorandumun imzalanması mərasiminin bir müddət ertələnməsini təklif etdik.
İranda, həmçinin dünyanın ən böyük ağır atletika klublarından olan Azərbaycanın “Zirvə” beynəlxalq idman klublarının fəaliyyəti də böyük marağa səbəb olub. Rizvan Rəsulov deyib ki, AAAF-ın vitse-prezidenti, “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərovun gördüyü işlər xüsusilə böyük rəğbətlə vurğulanıb. İran tərəfi növbəti yarışlarda iştirak etmək, bizim idman bazalarımızdan istifadə etmək istəyirlər.
O, əlavə edib: “Federasiyalar arasında imzalanacaq bu memorandum böyük əhəmiyyət kəsb edir. Biz tərəflər arasında müxtəlif kadr mübadilələri, məşq proseslərinin öyrənilməsi və təcrübə mübadiləsi, mütəxəssislərin birgə müzakirəsi və araşdırmalar aparması, hakimlərin mübadiləsi, tibbi biliklər və qarşılıqlı təlim-məşq toplanışları mübadiləsini nəzərdə tutmuşuq. Razılıq əldə olunacağı halda, biz İran yığmasına seçdikləri məkanlarımızdan birində təlim-məşq toplanışları keçməsinə şərait yaradacaq, onların bütün xərclərini qarşılayacağıq. Eyni zamanda, Azərbaycan yığması İrana, seçdiyimiz məkana hazırlığa gedəndə onlar bizim xərclərimizi qarşılayacaqlar. Biz bunun hər iki tərəf üçün səmərəli olacağını düşünürük”.