Robert Prosineçki: “Klubu olmayan futbolçunu milliyə dəvət edə bilmərəm”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Baxdığınız oyunlarla bağlı nə deyə bilərsiniz?
– “Neftçi” “İnter”lə oyunda hesabı açdıqdan sonra artıq cütün taleyinə böyük ölçüdə aydınlıq gəlmişdi. “Neftçi” müdafiədən oynayırdı. Düzdür, “İnter” iki qol vuraraq, şans yaratdı. Hesab edirəm ki, matçın nəticəsi qanunauyğun oldu.

– Bu görüşdə xoşunuza gələn futbolçular oldu?
– Yığma üzvləri bu görüşdə özlərini pis tərəfdən göstərmədilər. Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyovu qeyd edərdim. Amma xüsusi nəsə gördüyümü deməzdim. Artıq bir neçə aydır buradayam və oyunları mütəmadi olaraq izləyirəm. Bu üzdən də son dövrlər yeni nələrsə görmürəm.

– “Qarabağ” – “Neftçi” finalı necədir?
– Ağdamlılar yaxşı mövsüm keçirirlər. Final isə bir oyundan ibarətdir və həmin oyunda hər şey baş verə bilər. Şanslar bərabərdir.

– AFFA “Zenit”in gənc hücumçusu Ramil Şeydayevə növbəti dəfə dəvət göndərib. Siz onu tanıyırsınız?
– Haqqında eşitmişəm. Az da olsa, məlumatım var. “Zenit”in əvəzedici komandasında oynayır?

– O, daim əsas komandanın iştirak ərizəsinə daxil edilir və hərdən, ikinci hissədə meydana çıxır…
– Əgər futbolçu öz klubunda mütəmadi oynamırsa, onun barəsində ətraflı məlumatım ola bilməz.

– Onun cəmi 19 yaşı var. Amma indidən “Zenit”in əsas heyətə düşməsini uğur saymaq olar…
– Ona görə sevinirəm. Siz özünüz onun oyununu görmüsünüz? Şəxsən mən görməmişəm. Amma bizə gənc və istedadlı oyunçular lazımdır. Əgər o, AFFA-nın təklifini qəbul etsə, biz də onu daha yaxından izləyərik. Baxmayaraq ki, artıq indidən onun haqqında ancaq müsbət fikirlər eşidirəm. Ümid edirəm ki, o, gözləntilərimizi doğruldacaq.

– Türkiyənin “Karşıyaka” klubunda çıxış edən Mahir Şükürov müqaviləsinə xitam verərək Bakıya qayıtdı və mövsümün sonunadək oynamayacaq. İspaniyanın “Qranada” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov da ciddi zədə alıb və uzun müddət oynamayacaq…
– Onlar Norveçlə oyun üçün açıqlanacaq heyətə daxil edilməyəcəklər. Eddi zədəli olduğuna görə fiziki cəhətdən tam hazır olmayacaq. Mahir isə klubsuzdur. Mən klubu olmayan futbolçunu yığmaya dəvət edə bilmərəm. Alternativləri axtarmalı olacağıq.

– Avstriya toplanışı barədə nə deyə bilərsiniz?
– Avstriyaya iyunun 1-də yollanacağıq. Orada ayın 8-dək qalacağıq. “Qarabağ”la “Neftçi”nin futbolçuları ayın 3-də keçiriləcək final oyunundan sonra toplanışa qatılacaqlar. İyunun 7-də isə Serbiya yığması ilə yoxlama keçirəcəyik.

Həmin kateqoriyadan