- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Slovakiyanın Trnava şəhərində dünya birinciliyində 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 4-cü yeri tutan sərbəst güləşçilərimiz dünən axşam saatlarında vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında millimizi məşqçilər, yeniyetmə güləşçilər, idmançıların yaxınları və KİV nümayəndələri qarşılayıb.
Gənclərdən ibarət yığmanın böyük məşqçisi Saypulla Absəidov media nümayəndələrinə yarış haqqında bunları deyib: “Güləş dünyada çox inkişaf edib. Bu gün Hindistan, Yaponiya və Moldova da bu idman növündə iddialı ölkələr sırasına qoşulub. Ancaq biz uğur qazanmaq üçün əlimizdən gələni etdik. Uşaqlar əsl xarakter nümayiş etdirdi. Düzdür, medallarımızın sayı daha çox ola bilərdi. Bunun da obyektiv və subyektiv səbəbləri var. Güləşçiləri, məşqçiləri, azarkeşləri və bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan güləş məktəbi ənənələrini davam etdirir”.
Millinin məşqçisi Rövşən Hacıyev bəzi gənc güləşçilərin bundan sonra böyüklər arasında yarışacağını bildirib: “Orxan Abbasov və Əshab Həmzətov da finala çıxa bilərdi. Ancaq bəzi səhvlərə yol verildi. 57 və 61 kq-da çıxış edən güləşçilərimizdən də uğurlu nəticə gözləyirdik. Olmadı. Səhvlərin üzərində işləyəcəyik. İstənilən halda, ümumi çıxışı uğurlu saya bilərik. Növbəti yarışlarda bundan da yaxşı nəticə göstərməyə çalışacağıq. Orxan Abbasov böyüklərin ölkə çempionatında 3-cü yeri tutub. Bundan sonra böyüklər arasında yarışacaq. Perspektivli idmançıdır. Bilirsiniz ki, ən ağır çəkidə həmişə problemlərimiz olub. Rahid Həmidli Avropa çempionatında 3-cü yeri tutmuşdu. Dünya çempionatında isə 5-ci oldu. Gələcəkdə nəticə verə biləcək güləşçilərimizdəndir. O da böyüklər arasında çıxış edəcək. Qalanları hələ bir il də gənclərin yarışında mübarizə aparacaq. Çünki yaşları buna imkan verir. Onu da qeyd edim ki, əsas komandanın məşqçiləri daim bu güləşçiləri nəzarətdə saxlayır”.
Bütün rəqiblərinə qalib gələrək himnimizi Trnavada səsləndirən Hacımurad Hacıyev qələbəsini belə şərh edib: “Yarış mənim üçün yaxşı keçdi. Çempion olacağıma inanırdım. Güclü rəqiblərə qalib gələrək qızıl medal qazandım. Final görüşüm asan keçmədi. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Məqsədim böyüklərdən ibarət yığmada yer alıb, nəhəng turnirlərdə uğur qazanmaqdır”.
Dünya çempionatında 3-cü yeri tutan Orxan Abbasov isə hakim haqsızlığından şikayətlənib: “Dünya çempionatına qızıl medal qazanmaq üçün yollanmışdım. Ancaq yarımfinalda amerikalı güləşçiyə uduzdum. Bir qədər hakim haqsızlığıyla üzləşdim. Bununla belə, Avropa çempionatında uduzduğum Moldova təmsilçisinə qalib gəlib, bürünc medal qazandım. Şükür Allaha, vətənə əliboş qayıtmadım. Böyüklər arasında çıxış etməyə hazıram. Hələ ki çəkimi dəyişməyi planlaşdırmıram”.
Xatırladaq ki, DÇ-də Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal qazanıb.