Rusiya və İran sərbəst güləşçilərinin uzaqlaşdırıldığı dünya kubokunda millimizə yeni tarixi fürsət

Məlum olduğu kimi, 7-8 apreldə ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində sərbəst güləş üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimiz ötən gün okeanın o tayına çatıb. Komandamız bu gün Ayovada ilk məşqinə çıxıb. Baş məşqçi Firdovsi Umudov milli üzvlərinin son hazırlıqlarına rəhbərlik edib, onlara önəmli tapşırıqlarını verib.

Aprelin 7-də start götürəcək dünya kubokunda ölkəmizi Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi – 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Bahadırlarımız “B” qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. “A”-da ABŞ, Yaponiya, Gürcüstan və Hindistan güləşçiləri yer alıblar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Xatırladaq ki, ötən il eyni rəqabətdə millimiz 3-cü olub. Buna qədər, sərbəst güləşçilərimiz 2 dəfə – 2004 və 2009-cu illərdə dünya kubokunun sahib çıxıblar.

Həmin kateqoriyadan