Ruslan Abışov: “11000-ci qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm”

Topaz Premyer Liqasının 29-cu turunda “Simurq”la qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 6-ya çatdırıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”a 3 xal qazandıran qolu komandanın kapitanı Ruslan Abışov vurub.

Onun cərimə zərbəsindən vurduğu qol Azərbaycan çempionatları tarixinə düşüb. Bu top 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qol olub. Abışov yubiley qolu və uğurlu seriya haqda fikirlərini klub saytına açıqlayıb:

“Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq. Hər oyuna qələbə üçün çıxırıq. “Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundur qalib gəlirik. Vacib olan da qələbədir. Hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxsam da, əsas qələbə qazanıb, hesabımıza 3 xal əlavə etməkdir. “Simurq”la qarşılaşmada qol vurdum. Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.

Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun öz hesabındadır. O, “Simurq”la qarşılaşmada “Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.

Həmin kateqoriyadan