AMADA-nın rəhbəri: “Qarabağ”ın futbolçuları dopinq-testdən uğurla keçib

Avropa liqasının 3-cü turu çərçivəsində “Vorskla”ya qarşı keçiriləcək oyun ərəfəsində Azərbaycan Milli Anti Dopinq Agentliyinin “Qarabağ” futbolçularını yoxlaması birmənalı qarşılanmayıb. Allsport.az saytı xəbər verir ki, AMADA-nın rəhbəri Şəfəq Hüseynli isə burada qeyri-adi heç nəyin olmadığını deyib:

“Hansısa klubda yoxlama aparılmasının bir çox səbəbi olur. Dopinq yoxlanışı AMADA-nın planına əsasən və ya hansısa sifariş, eləcə də, quruma daxil olan informasiya əsasında həyata keçirilə bilər. Bu, standard prosedurdur və artıq iki ildir ki, biz bunu tətbiq edirik. Artıq futbolçular və digər idmançılar da buna öyrəşiblər. AMADA idmançıları məşq və ya yarış vaxtı, yarışdan bir gün öncə, hətta onların evlərində də, bir sözlə, hər vaxt hər yerdə yoxlaya bilər. Bunu AMADA özü planlaşdırır. Buna heç kim müdaxilə etmir və edə də bilməz”.

“Qarabağ” klubunda keçirilən yoxlanış barədə sportline.az-a danışan mütəxəssis “Heç bir problem yaranmadı və qısa vaxtda rahat bir şəraitdə dopinq yoxlaması keçirildi. Futbolçular heç bir narazılıq etmədilər. İnşallah, bu gün uğurlu oyun olar”, – deyə sözünə əlavə edib.

Yoxlanışın nəyə əsasən keçirildiyi barədə məlumat verə bilməyən AMADA rəhbəri “Avropada informasiya mübadiləsi ilə bağlı yeni standardlar qəbul olunub. Biz də həmin standardlara uyğun olaraq belə informasiyaları məxfi saxlayırıq”, – deyə bildirib.

Şəfəq Hüseynli belə yoxlanışların çox keçirildiyini və digər Azərbaycan klublarının da buna cəlb olunduğunu söyləyib: “Biz təkcə “Qarabağ”da yoxlama aparmamışıq. İndiyə qədər digər Azərbaycan klublarında da buna bənzər yoxlamalarımız olub. Başa düşə bilmirəm, niyə “Qarabağ”da aparılan yoxlama belə əks-sədaya səbəb olub.
Bu proses, adətən, iki həftə çəkir. Nəticələr mənfi çıxsa, bu barədə ictimaiyyətə heç bir açıqlama təqdim olunmur. Müsbət çıxacağı təqdirdə isə müəyyən edilmiş tarixdə AMADA tərəfindən rəsmi məlumat verilir.

Qeyd edək ki, AMADA-nın əməkdaşları gözlənilmədən “Qarabağ”ın məşq etdiyi Bakı olimpiya stadionuna gediblər. Sonra isə agentliyin nümayəndələri komandayla birgə “Qarabağ”ın Suraxanı bazasına yollanıblar və 7 futbolçu – Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdan dopinq-test götürüblər. Şəfəq xanımın dediyinə görə, bu futbolçulardan götürülmüş ilkin testlər müsbət çıxacağı halda, növbəti prosedurlara başlanılacaqdı. Lakin onlarda test nəticələri neqativ olduğundan sonrakı mərhələyə ehtiyac qalmayıb.

Həmin kateqoriyadan