Səhrada batan “olimpiya günəşi”: Azərbaycan idmanının böyük qismi sürətlə enişə doğru

Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Təbii ki, bu da olimpiya oyunlarıdır. Əgər də­rin­dən bax­saq, id­ma­nın, olim­pi­ya oyun­la­rı­nın ya­ra­nıb in­ki­şaf et­mə­si elə bə­şə­rin, sivilizasi­ya­mı­zın, tə­ka­mü­lün ta­ri­xi­ni özün­də can­lı şə­kil­də əks et­di­rir. Olim­pi­ya oyun­la­rı­na “son­suz sə­ma səh­ra­sın­da” əvə­ze­dil­məz işıq, is­ti­lik mən­bə­yi olan günəşlə mü­qa­yi­sə­si bu gün də əhə­miy­yə­ti itir­mə­yib­sə, de­mək, qədim mənbələrdən zər­rə qə­dər şüb­hə ola bil­məz. Həmin atəşin içində Odlar yurdunun şəfəqi dünyanın dörd bir tərəfinə şölə saçıbsa, onda minilliklər boyu mədəniyyətin elə tən ortasında məskunlaşmışıq. Sözsüz ki, hər xeyir işdə müxtəlif sivilizasiyalarla həmrəy olmalıyıq. Elə idmanda da. Bunun üçünsə, İslam həmrəyliyi oyunları var. Azərbaycan elə ilk gündən bu idman bayramında yer alıb; daim İslam həmrəyliyi idman assosiasiyasında rəhbər vəzifələrdə təmsil olunur – həmyerlimiz Könül Nurullayeva 2013-cü ildən İHİA-nın icraiyyə komitəsinin üzvü (ilk qadın), Bakı-2017-nin təşkilat komitəsinin katibi, 2018-ci ildə İHİA-nın nəzdində əsası qoyulmuş “İdmanda gender bərabərliyi” komitəsinin üzvüdür, Konya-2021-in və Ər Riyad-2025 İslam oyunlarının əlaqələndirici şurasında yer alıb.

İslam oyunlarında ən aşağı yer!

7-21 noyabrda Ərəbistanda 6-cı İslamiada keçirilib. Oyunların proqramına 21 idman növü daxil edilib. Azərbaycan 179 idmançı ilə bunların 20-sində təmsil olunub və 9 qızıl, 19 gümüş, 31 bürünc (cəmdə 59) medalla rəqabəti 10-cu pillədə bitirib. Ümumilikdə, 57 ölkə 23 növdə (2 paraidman) medallar uğrunda mübarizə aparıb. Ər Riyad-2025 son İslam oyunlarından fərqlənib. Təşkilatçılar işə peşəkar yanaşaraq əsas növlərdə beynəlxalq olimpiya proqramından kənara çıxmayıblar. Bu üzdən Konya-2021-də 380 medal dəsti olduğu halda, sonuncuda 270 idi. Son dövrlərdə təkmübarizlikdə dünya çempionatlarında cüdo idmanı istisna axsadığımızdan, ümumi nəticələr İslam oyunlarına da təsir göstərib. Türkiyədə 29 qızıl, 36 gümüş və 34 bürünc mükafatla Azərbaycan yekunda 4-cü olduğu halda, Ərəbistanda 10-cu sıra ilə kifayətlənib. Bu, indiyədək iştirak etdiyimiz İslam oyunlarında ən aşağı yerdir! Millimiz Məkkə-2005-də və Palembanq-2013-da ümumi komanda siyahısında 8-ci, Bakı-2017-də zirvədə, Konya-2021-də 4-cü qərarlaşıb. Anadoluda olduğu kimi, Ərəbistanda da əsas mücadilə qardaş Türkiyə, dost Özbəkistan və qonşu İran arasında gedib və müvafiq olaraq medal sıralamasında hər dəfə böyük fərqlə rəqiblərini qabaqlayıblar.


Sabitlik olan yerdə uğur da olur

Paris-2024-də cüdoçuların qazandığı 2 qızıl, boksla taekvondada 1 gümüş, güləşdə 3 bürünc medal Azərbaycanı sonda 204 ölkə arasında 30-cu yerdə qərarlaşdırdı. XXXIII yay olimpiya oyunlarında qədər tatami ustalarının dünya çempioatında eyni nəticəni göstərməsi sübut etdi ki, ACF-də Füzuli ƏləkbərovAsif ƏsgərovElnur KələntərliElnur Camalxanov birliyinin qoyduğu təməl və Rövnəq AbdullayevSadıq SadıqovElmar Babanlı komandasının davam etdirdiyi iş bəhrəsini artıqlaması ilə verib. Bu 2 federasiya rəhbərliyinin dövründə yetişdirilən cüdoçular özlərini Ər Riyad-2025-də də doğruldublar – 3 qızıl!
3×3 qadın basketbolu son dövrdə yüksəlişdədir. Düzdür, heyətin böyük qismi legionçulardan təşkil olunub, amma itki sıfıra bərabərdir. Paris-2024-də millimiz ilk dəfə top-komandada oyunlara vəsiqə qazandı və debütdə ABŞ və Çin kimi ənənəsi və uğuru olan yığmalara qalib gəldi; mərhələ adlayaraq sensasiyanın gerçəkləşməsinə isə təcrübə çatmadı. Ər Riyad-2025-də qızların 3-cü dəfə baş mükafata yiyələnməsi ABF-in hələlik doğru yolda olmasını göstərir. Amma yaxın gələcəkdə öz basketbolçularımızın yetişib uyğun səviyyəyə çatması üçün uşaq məktəblərinin sayını artırmalıyıq.
Son İslamiadada ilk dəfə proqrama boks idmanı daxil olub. 1-ci cəhddə qızıl sorağı gəlib. Təəssüf ki, onu azərbaycanlı deyil, Özbəkistan əsilli rinq ustası qazanıb. Çağdaş dönəmdə keçmiş ABF prezidenti Ağacan Abiyevin qurulduğu güclü boks məktəbindən əsər-əlamət yoxdur. İtənləri bərpa etmək üçünsə doğru hədəf lazımdır.
İslam oyunlarında karate idmanında işlərimiz yolundadır. Ən yüksək nəticəmiz Bakı-2017 sayılsa da, kimono ustalarımız hər dəfə zirvəyə yüksəlməyi bacarıblar. Əfsuslar olsun ki, digər aparıcı növlərdə olduğu kimi, Ər Riyad-2025-də yeganə qızılı legionçu qazanıb.
Uzun müddətdir qılıncoynatma legionçuların hesabına sabitliyin qorunmasına çalışır. Ara-sıra nüfuzlu səhnələrdə uğur sədası eşidilir. Tarazlığın pozulmaması istiqamətində yay olimpiya oyunlarında iştirak da müsbət hadisədir. Sovetlərin son illərində kişilərimiz öndə olsalar da, müstəqillikdə növbə qadınlara keçib və bugünədək onların üstünlüyü qalmaqdadır. Konya-2021 ilə nisbətdə Ər Riyad-2025-də 1 qızılın azlığına rəğmən, zirvə həmişə zirvədir, ölkəni, onun millinisi ən yüksəyə daşıyır.
Konya-2021-də bədii gimnastikada 5 qızıl, 2 gümüş, 1 bürünc, aerobikada 2 qızıl, 3 gümüş və idman gimnastikasında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxmışdıq. Adı çəkilən növ Ər Riyad-2025-də proqrama daxil edilməmişdi, həmin səbəbdən İslamiadada bu üstünlüyümüzü itirmişdik.



Gözdən pərdə asanlar

Yay olimpiya oyunlarındaaparıcı idman növlərindən olan güləş sürətlə geriləməkdədir. Bu barədə ətraflı və izahlı çox yazmışam. Dağılmış təməlin yenidən inşası istiqamətində iş yarımçıqdır. Bu üzdən AGF itirə-itirə gedir. Avropa çempionatlarında komanda hesabında uğuru hər dəfə əldə bayraq tutan yeni rəhbərlik bu idman növünün tək bir qitədən ibarət olmadığını hələ də anlamır, anlamaq istəmir. Yunan-Romada dünya çempionatlarınında olimpiya proqramında qızıl həsrəti İslam oyunlarında da davam edib. Qadınlarda 1 qızıl baş gicəlləndirməməlidir. Çünki qadın güləşində aparıcı ölkələr İslam dünyasında yer alımırlar. “Sərbəstlər”də yeganə qızıla legionçumuz yiyələnib və bu o deməkdir ki, İran səddini aşan tək odur. “Klassiklər”lə müqayisə də, sərbəst güləşdə düzgün məqsəd götürülüb və Los Anceles-2028-ə qismən ümir verir.
Ağırlıqqaldıranlarımız həmişə İslamiadalarda uğurlu çıxış ediblər. Konya-2021 ilə müqayisədə, Ər Riyad-2025-də 2 gümüş artıq olsa da, bu növdə ən yüksək nəticə Məkkə-2005 olaraq qalır – 2 qızıl! Hətta İslam oyunlarında zirvənin fəth edilməsində görünən çətinlik, okeanın o tayında nəinki mükafat, heç vəsiqə ehtimalını vermir.
Voleybol millimizin son dövrdə heyəti xeyli zəifləyib. O üzdən Ər Riyad-2025-in finalçısı olmaq qənaətbəxş sayılmalıdır. Bu növdə ən yüksək nəticə Bakı-2017-yə təsadüf edir. Gələn il Azərbaycan növbəti dəfə Avropa çempionatının təşkilatçısı olacaq. Milli etibarlı əldə olsa da, tək Faiq Qarayevlə iş bitmir. Təcrübəli voleybolçular son dəfə olsa belə, geri dönməsə, işimiz çətindir.
Stolüstü tennisdə yerlilər tərəfindən qazanılan medallar sevindirici məqamlardandır. Amma müsəlman ölkələri arasında bu növ elə də güclü olmadığından, ənənəsi olan və son dövrdə böyük maliyyə yatırılan ASTF üçün “bürünclər” yüksək uğur sayılmamalıdır. Əvvəlki rəhbərliyin dövründə, azərbaycanlı idmançıların da fərqləndiyi Bakı-2017-də komanda yarışında 3 gümüş və 4 bürünc mükafat qeydə alınmışdır.

Ümidlər doğrulmadı

Taekvondoçular Bakı-2017-də 6 qızıl və 1 gümüş, Konya-2021-də 1 qızıl, 2 gümüş, 2 bürünc mükafat olan halda, Ər Riyad-2025-də 1 gümüş və 1 bürünclə kifayətləniblər. Rio-2006 olimpiadasından bu yana adı çəkilən növdə geriləmə müşayət olunur. Tanınmış mütəxəssis Ələkbər İmaməliyev Gəncədə keçirilmiş MDB oyunlarında mənə bildirdi ki, onların qurduğu sistem dağılıb, bərpa üçün zamana ehtiyac var.
5-ci İslam oyunlarında atletikada 1 qızıl, 2 gümüş, Ərəbistanda cəmi 1 bürünc medal qazanılıb. Ona da Palembanqda-2009-dan bəri fərqlənən eyni idmançı – Yekaterina Sariyeva nail olub.
Bakı-2017-də qızıl, Konya-2021-də gümüş medal qazanan həndbolçu qızlarımız Ər Riyad-2025-də əliboş qaldılar. Açığı, millimiz subyerktiv səbəblərdən hazırlığa gec başlamışdılar.
Konya-2021-də üzgüçülükdə bir dəst medal, Ər Riyad-2025-də 1 gümüş və 2 bürünc qeydə alınıb. Son sınaqda sevindirici məqam qazanılan mükafatların Azərbaycan doğumlu idmançılara nəsib olmasındadır.
Bakı-2017-də futbolda qızıl, Konya-2021-də bürünc mükafata yetişib; Ər Riyad-2025-də futzal millimiz ümidləri doğrultmayıb.
Ümumənsə, yekunların bir həqiqəti danılmazdır: Son illərdə uğurların ən vacib məqamı təməlin düzgün qoyulması və bu istiqamətdə doğru davranışlardır. Bunun ənənəyə çevrilməsi isə bir sıra addımları vacib edir. Bu xüsusda internat məktəblərinin qurulması, yurd içində müxtəlif yaş qrupları üzrə beynəlxalq yarışların təşkili, rəqiblərin müxtəlif səviyyələrdə öyrənilməsi və nəticələrin təhlil olunmasının mərkəzləşməsi önə çıxır. Los Anceles-2028-də bitəcək böyük yolun növbəti sınağından büdrəyib çıxdıq.Yarışlar isə var, hələ bundan sonra da müxtəlif cəhətlərdən çözüləcək, təhlillər aparılacaq, nazir Fərid Qayıbova hesabat veriləcək…

Hazırladı: Kamran HACI

Həmin kateqoriyadan