Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti seçki hesabat konfransı keçirilib

Respublika Velosiped Trekinin inzibati binasında Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti seçki hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiya nümayəndələri ilə yanaşı Gənclər İdman Nazirliyinin nümayəndəsi, milli komandanın üzvləri, hakimlər, klub nümayəndələri və digər qonaqlar iştirak edib.

Yığıncaqda ilk öncə federasiya prezidenti Mirəli Kazımov çıxış edərək ötən 5 il ərzində federasiya tərəfindən görülmüş işlər, əldə edilmiş uğurlar barədə məlumat verdi. Bundan əlavə federasiyanın baş katibi Zaur F.Seyidov, federasiyanın vitse-prezidenti Nizami Mursakulov, rəyasət heyətinin üzvləri Xəyyam Məmmədov, Şəhriyar İsmayılov və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Pərvin Şərifov çıxış edərək federasiyanın ötən illərdə gördüyü işlər və eləcə də gələcək planlar barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər.

Sonra federasiyanın növbəti 4 il üçün yeni rəyasət heyətinin seçilməsi ilə bağlı səsvermə keçirildi. Səsvermənin nəticəsinə əsasən Mirəli Kazımov federasiya prezidenti, Nizami Mursakulov, Pərvin Şərifov və Aleksandr Mişenko vitse-prezident, Zaur F.Seyidov baş katib, Xəyyam Məmmədov, Tatyana Solovyova, Tərlan Ramazanov, Şəhriyar İsmayılov, Nataliya Əliyeva və Süleyman Əliyev isə rəyasət heyətinin üzvləri seçildilər.

Sonda onu da qeyd edək ki, konfransda federasiya tərəfindən ilin ən yaxşı kişi və qadın idmançılarına diplom və qiymətli hədiyyələr olundu.

Həmin kateqoriyadan