Sərbəst güləş komandamız Arazın o tayında 2-ci olub

İsfahan şəhərində kiçik yaşlı yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında “Day of children” beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”in yarışında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qığızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıblar.

Qrup görüşlərində millimiz Qırğızıstanı 8:2, Gürcüstanı 9:1, Ermənistanı 9:1 məğlub edib. Ukrayna güləşçiləri ilə 5:5 hesablı bərabərlik qeydə alınsa da xalların keyfiyyətinə görə 22:18 qələbə qazanan güləşçilərimiz, qrupun lideri kimi finala vəsiqə qazanıb. Həlledici görüşdə yerli İran komandasına 3:7 uduzan bizimkilər gümüş medalla kifayətlənib. Ukrayna yığması 3-cü yerə çıxıb.

Yunan-Roma güləşçilərinin yarışında Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan komandaları mübarizə aparıb. “Klassiklər”imiz İranın 2 komandasına məğlub olub. Əvvəlcə Türkmənistanı 10:0, ardınca Qırğızıstanı 9:1 üstələyən güləşçilərimiz turnirin yekun sıralamasında 9-cu yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Həmin kateqoriyadan