Saman Təhmasibi karyerasını başa vurub

Rio-2016-da ölkəmizi yunan-Roma güləşində təmsil edən Saman Təhmasibi (85 kq) oyunlardan sonra karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, iran əsilli idmançı 2011-ci ildə millimizə qoşulub. Həmin mövsüm İstanbulda təşkil olunan dünya çempionatında London olimpiadasına vəsiqə qazanan legionçu orada bir nəticə əldə etməyib.

Onun ilk ciddi uğuru 2013-cü ildə Macarıstan paytaxtı Budapeştdə keçirilən planetin ən güclülərinin yarışında finala çıxmasıdır. O, bir il sonra da eyni nəticəni göstərib, Daşkənddə dünya çempionatının gümüş medalına yiyələnib. 2015-ci ildə Las Veqasda düzənlənən həmin mötəbər yarışda 3-cü yeri tutub. Rioda da ondan çox şey gözlənilirdi. Amma «dördillik» ərəfəsində aldığı zədə buna mane olub.

Millimizin əski iranlı baş məşqçisi Cəmşid Xeyrabadi həm də onun şəxsi çalışdırıcı idi. Ehtimala görə, bu səbəbdən zədəli olmasına rəğmən, okeanın o tayına yollanıb. Halbuki onun çəkisində London olimpiadasının bürünc mükafatçısı Emin Əhmədovla gənclər arasında dünya birinciliyinin qalibi İslam Abbasov vardı.

Həmin kateqoriyadan