Seminarın son mərhələsi Bakıda

Güləş məşqçilərinin ümumrespublika toplantısına yekun vurulub. Allsport.az xəbər verir ki, sonuncu mərhələ Bakıda keçirilib. Sabunçu gənclər evində paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak ediblər.

Tədbirin nəzəri hissəsinin açılışını edən Bakı gənclər və idman idarəsinin sektor müdiri Samir Salehov Azərbaycan güləş federasiyası (AGF) və gənclər və idman nazirliyinin (GİN) ortaq təşkilatçılığıyla bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib.

AGF hakimlər kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb. Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını qeyd edib və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.

Məşğələnin praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.

Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.

Həmin kateqoriyadan