- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa səylə hazırlaşan qadın güləşi üzrə millimizin KİV üçün açıq məşqi olub. Çalışmalardan sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın baş məşqçisi Semyon Çteryov heyətdə əsasən gənclərə yer verəcəklərini bildirib:
Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Nataliya Sinişin (53), eləcə də London-2012-nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turnirdə istirahət edəcəklər. Əvəzində Türkan Nəsirova (44 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin, hazırlığa yeni başlayan və “Tokio-2020″də iştirakı gözlənilən gənclərə də şans veriləcək.
O, 10-11 dekabrda Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib: “Qızıl qran-pri”nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir. Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində – 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik. Artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra növbəti olimpiada barədə düşünürük. Komandamızı qızıl medal qazanması üçün hazırlayırıq”.
“Qızıl qran-pri”nin final mərhələsində hər çəki dərəcəsində 3 güləşçinin yer alacağını deyən baş məşqçinin fikrincə, Azərbaycanda qadın güləşi yüksəlişə doğru gedir: “Növbəti olimpiadada qadın güləşi üzrə yığmamızın kişilərdən də yaxşı çıxış edə bildiyini göstərmək istəyirik. Bunun üçün potensialımız, gənc güləşçilərimiz də var”.
Qeyd edək ki, proqrama əsasən, qadın güləşçilər yarışların ikinci günündə mübarizə aparacaq. Noyabrın 24-də sərbəst, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq. Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə “Azərtac” İnformasiya Agentliyidir.