VİDEO
“Simurq” bu dəfə heç-heçəyə razılaşdı

Xəbər verdiyimiz kimi, ötən gün “Simurq” Antalya toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb. Allsport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Rumıniyanın “Astra” klubu olub.

Hazırlıq çərçivəsində dördüncü yoxlama matçına çıxan Zaqatala təmsilçisi qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb. Baş məşqçi Georgi Çixradze bu görüşə Pavel Kapsa, İlkin Qırıtmov, Tural Axundov, İdan Vaytsman, Melli, Samir Zərgərov, Rəşad Eyyubov, Vadim Abdullayev, Stepan Polyak, Benjamin Lambot və Draqan Çerandan ibarət start heyətini meydana buraxıb. İlk hissədən sonra Benjamin Lambotla Stepan Polyakı Patrik Osiakoyla Marko Stanoyeviç əvəzləyib. Daha sonra isə gürcü mütəxəssis Elnur Abdullayevə, uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Vüqar Mustafayevə, ən gənc futbolçu Nicat Muxtarova və Oruc Balaşlıya şans verib.

Yanvarın 25-də ölkəyə qayıtmağı planlaşdıran “Simurq” təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirdəcək. Bundan əvvəl isə komanda ilk oyunda Qazaxıstanın “Şaxtyor” klubuna 3:1 hesabı ilə qalib gəlsə də, “Dyusburq”a 1:4, digər qazax təmsilçisi “İrtış”a isə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Simurq” bu gün bir məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmalarından sonra futbolçulara istirahət veriləcək.

Həmin kateqoriyadan