Siyasət Əsgərov: “Təzyiq altında olacağımızı bilirdik”

Qadınlardan ibarət millimiz Avropa çempionatının seçməsində La Koruna şəhərində “Estadio Municipal de Riazor” stadionunda İspaniya futbolçularına 0:4 uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Siyasət Əsgərov yenilgiyə belə şərh verib:

“İspaniya milli komandasının qadın futbolunda hansı mövqedə olması hamıya bəllidir. Bütün oyun ərzində böyük təzyiq altında olacağımızı bilirdik. Oyun elə gözlədiyimiz məcrada da keçdi. Rəqibimizin bir çox oyununu təhlil etmişdik. Hadisələrin axarı bizim üçün gözlənilməz deyildi. Qapıçımız Aytac Şərifovanın oyununu xüsusi qeyd etməliyəm.

Doğrudur, müəyyən səhvlərə yol verdik və buna görə qapımızda qollar gördük. Bununla belə, qapıçımızın çox yaxşı çıxış etdiyini qeyd etməliyəm. Uzun müddətdən sonra ilk dəfə qadınlardan ibarət milli komandamız rəsmi oyuna çıxdı.

Özü də belə bir güclü rəqiblə qarşı və böyük azarkeş dəstəyinin müşayiəti ilə. Təbii ki, bu atmosferdə oynamaq komandamız üçün çətin idi. Bu oyun bizim üçün güclü təzyiqə uyğunlaşma və böyük təcrübə baxımından əhəmiyyətli oldu”.

Həmin kateqoriyadan