Son gündə Orxan və Əhliman fərqləndi

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, son mübarizə günlərində sərbəst güləşçilər yarışıblar. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil ediblər.

Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq) medal qazanıblar.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

63 kq çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Yaponiyalı rəqibinə qalib gəlib və Dünya çempionatını fəxri kürsünün üçüncü pilləsində başa vurub.

76 kq çəki dərəcəsində təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib, ancaq 1/4 finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz CAR idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Əhliman İran təmsilçisinə də tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub.

Son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.

Həmin kateqoriyadan