Stadnik və Kolesnik finalda

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib.

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin iki üzvü də xalça üzərinə çıxıb.

Onların hər ikisi finala vəsiqə qazanıb.

Yarışa 5 idmançı ilə yollanan qadınlardan ibarət komandamızın digər üzvləri sabah xalçaya çıxacaqlar.

50 kq
Mariya Stadnik 1/4 finaldan mübarizəyə başlayıb. Doqquzqat Avropa çempionumuz startda Milana Dadaşova (AİN) ilə görüşüb və tam üstünlüklə qələbə qazanaraq (11:0) yarımfinala vəsiqə qazanıb. Mariya yarımfinalda ukraynalı Oksana Livaça 6:0 hesabı ilə qalib gələrək, finala yüksəlib. Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşacaq.

59 kq
Alyona Kolesnik də 1/4 finaldan yarışa qoşulub. Avropa çempionatlarının üçqat bürünc mükafatçısının rəqibi Katerina Jidaçevska (Rumıniya) olub. Güləşçimiz “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Alyona yarımfinalda polşalı Patrisya Gilə 7:3 hesabı ilə qalib gəlib. O, finalda ukraynalı Alina Filipoviçlə güləşəcək.

Qeyd edək ki, bu gün yunan-Roma güləşində medal qarşılaşmaları da keçiriləcək. Azərbaycanın dörd təmsilçisi xalçaya çıxacaq.

Həmin kateqoriyadan