Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir

Bakıda iyun ayında keçiriləcək birinci Avropa Oyunlarının bir məskəni də Avropa Oyunları Parkı adlanan ərazidir. Allsport.az xəbər verir ki, Bayraq Meydanının yaxınlığında yerləşən bu ərazidə hazırda Su İdmanı Sarayı və daha üç idman qurğusunun inşası davam etdirilir.

Soyuq hava şəraitinə baxmayaraq, idman obyektlərinin tikintisində qızğın iş prosesini müşahidə etdik. Burada çalışanların əksəriyyəti azərbaycanlı mütəxəssislərdir. Diqqətimizi cəlb edən əsas məsələlərdən biri tikinti meydançasında hökm sürən xüsusi nizam-intizam və yüksək təhlükəsizlik qaydalarına riayət olunması idi.

Su İdmanı Sarayı 6 hektar ərazidə yerləşir. Bu möhtəşəm idman qurğusunda birinci Avropa Oyunları zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlar keçiriləcək.

Arenanın dəmir karkasları artıq vurulub, oturacaqlar quraşdırılıb. Güclü işıqlandırma və istilik sistemi çox mükəmməl şəkildə qurulub. Binanın kommunikasiya xətlərinin çəkilişi də artıq tamamlanmaq üzrədir. Yarışların keçiriləcəyi hovuzlar isə demək olar ki, tam hazırdır. İdman sarayının tikintisində istifadə olunan avadanlıqlar xaricdən gətirilib.

Layihənin rəhbəri Tom Butçerin sözlərinə görə, bu idman sarayı üzgüçülük və suya tullanma hovuzundan əlavə 2 məşq hovuzundan da ibarət olacaq. Yarışların keçiriləcəyi əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metrdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 4,5 metrdir.

Üzgüçülük yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Bu idman növü üzrə 4 testin keçiriləcəyi nəzərdə tutulub.

Dördmərtəbəli arenanın şərq hissəsi tamaşaçılar üçün nəzərdə tutulub. Təbii ki, mətbuat mərkəzi üçün də xüsusi yer ayrılıb. İdmançılar üçün soyunub-geyinmə otaqları, hakimlərin dincəlməsi və xüsusi qonaqlar üçün VİP otaqlar hazırlanacaq.

Su İdmanı Sarayında keçiriləcək yarışlarda Avropa Oyunlarının mükafatları uğrunda təqribən 800 idmançının mübarizə aparacağı gözlənilir. Bu idman sarayının layihəsi Koreya Respublikasının “Securo CO.LTD” şirkəti tərəfindən hazırlanıb.

Tikinti işlərinin martın sonunadək yekunlaşdırılması və iyun ayında tam başa çatması planlaşdırılır. Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Avropa Oyunları Parkında Su İdmanı Sarayı ilə yanaşı daha üç idman qurğularının inşası aparılır. Həmin idman qurğularında su polosu, çimərlik voleybolu və futbolu, basketbol (3×3) yarışları keçiriləcək. Avropa Oyunları Parkının ərazisində iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da həyata keçirilir.

Həmin kateqoriyadan