Süleyman Əliyev səmti müəyyənetmə üzrə dünya çempionatında iştirak edib

Estoniyanın Tartu şəhərində səmti müəyyən etmə üzrə 34-cü dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda Gənclər və İdman Nazirliyinin, şəxsən cənab Azad Rəhimovun diqqət və dəstəyi ilə federasiya prezidenti Mirəli Kazımov və milli komandanın idmançısı Süleyman Əliyev təmsil ediblər.

Dünya çempionatından 5 gün öncə Estoniyaya yollanan idmançımız IOF (Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası) tərəfindən təşkil olunan təlim məşqlərinə qatılıblar. Çempionatın ilk yarış günündə Tartu şəhərində təşkil olunan Sprint üzrə yarışda idmançımız “Men B” qrupunda start edərək 3.1 km məsafədə 19 nəzarət məntəqəsində qeyd olunmaqla 17 dəqiqə 37 saniyə nəticə göstərmiş və öz qrupunda 37-ci yeri tutmuşdur.

Yarışın ikinci günündə Rougue vilayətinin meşə massivində uzun məsafə üzrə yarışa start verilmişdir. İştirakçılardan 17.1 km-lik məsafədə 25 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə çatmaq tələb olunurdu. Lakin idmançımız nəzərdə tutulan 4 saatlıq vaxt ərzində məsafəni tamamlaya bilməmişdir.

Vitipalu vilayəti yaxınlığında təşkil olunmuş orta məsafə üzrə yarışı isə idmançımız 119 dəqiqə 12 saniyəlik nəticə ilə tamamladı. Bütün nəzarət məntəqələrində qeyd olunan idmançımız Norveç, Rusiya, Slovakiya, Misir və Çin Taipeyi kimi ölkələrdən olan idmançıları qabaqlayaraq 77-ci yer ilə kifayətlənib.

 

 

Həmin kateqoriyadan