- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına təyinatı və gələcək planları ilə bağlı fikirlərini bildirib. Allsport.az sizi həmin fikirlərlə tanış edir:
“Mənə etimad göstərdiklərinə görə, Məşqçilər Komitəsinə və AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. Bu uşaqlarla U-15 yığmasından çalışıram. Əlbəttə, necə böyük məsuliyyəti üzərimizə götürdüyümüzü yaxşı bilirik. Aydın məsələdir ki, Avropa çempionatının final mərhələsinə yüksək səviyyəli komandalar vəsiqə qazanır. Onlara qarşı tam başqa cür hazırlaşmalıyıq. Hazırlığımız planlı şəkildə davam edir. Bu həftə ölkəmizdə UEFA-nın İnkişaf turniri keçiriləcək. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirməklə yanaşı, komandadakı çatışmazlıqları görək və onları aradan qaldırmaq istiqamətində işlər aparaq.
Azərbaycanda oynayan uşaqların demək olar ki, hamısını sınaqdan keçirmişik. Ən yaxşılar komandaya cəlb olunub. Təbii ki, bununla kifayətlənməyəcəyik. Seleksiya işlərini davam etdirəcəyik. Çünki ölkəmizdən kənarda da çıxış edən futbolçularımız var. Yaxın zamanlarda onları da yığmaya cəlb edəcəyik. Təəssüf ki, onları hər zaman toplanışlara dəvət etmək imkanımız olmur. Klublarından gəlmələri ilə bağlı problem ortaya çıxır. Onları gələcəkdə komandaya dəvət edəcəyik ki, həm yığmamız güclənsin, həm də komanda daxilində rəqabət artsın. Komandada rəqabət olarsa, futbolçular daha çox inkişaf edəcək.
Komanda üzvləri ilə psixoloji söhbətlər edirik. Çalışırıq uşaqları böyük məsuliyyət haqda düşündürək və onları Avropa çempionatına motivasiya edək. Yaxşı bilirik ki, Avropa çempionatının final mərhələsinə yüksələn komandalar səviyyə, sürət, fiziki və psixoloji baxımdan çox hazırlıqlı vəziyyətdə olurlar”.