- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Hazırlıq necə gedir?
– İyunun 8-dən etibarən Gürcüstanda təlim-məşq toplanışındayıq. Futbolçular uzun müddət istirahət etdiklərindən yaxşı formada deyillər. Gündə iki dəfə məşq edirik. Oyunçuların fiziki və funksional hazırlığını yüksəltmək üzərində çalışırıq. Tezliklə hazırlığın növbəti mərhələsinə qədəm qoyacağıq. Bu zaman daha çox taktiki və texniki hazırlığa diqqət ayıracağıq.
– Futbolçuların hazırkı səviyyəsi sizi qane edirmi?
– Təbii ki, onların durumu istənilən vəziyyətdə deyil. Bilirsiniz ki, mayın 14-də yarışlar başa çatıb. O vaxtdan istirahət edən futbolçuların fiziki forması yaxşı deyil. Biz bu çatışmazlıqların üzərində işləyirik. Yavaş-yavaş onların vəziyyəti normallaşır. Lakin hələ görüləsi işlər var.
– Yeri gəlmişkən, “Qəbələ”nin heyətində hakimlərə fiziki təsir göstərdiyi üçün transferə çıxarılan Aqşin Hüseynov da yığmaya çağırılıb. Bunu nə ilə izah edə bilərsiniz?
– Bilirsiniz, mən o futbolçunu yaxşı tanıyıram. 4 ildir “Qəbələ”də çıxış edir. Bu klubun futbol akademiyasının yetirməsidir. Məşqlərə yanaşması da, nizam-intizamı da qaydasında olub. “Qəbələ”də son bir neçə ayda o, kapitan olub. Deməli, o əksər vaxtlar nümunəvi olub. Əlbəttə, onun hakimlərə qarşı hərəkəti yolverilməzdir. Buna görə, İntizam Komitəsi ona on oyunluq cəza verdi. “Qəbələ” isə klubdan uzaqlaşdırdı. Düzü, onu yığmanın ilkin heyətinə salmamışdım. Lakin o, məşqlərin birində mənə yaxınlaşdı. Aqşinlə söhbətimiz zamanı gördüm ki, peşmandır. Hiss etdim ki, futbolu da atmaq istəyir. Onsuz da onun vəziyyəti pisdir. Yəqin ki, cəzalı olduğu üçün bir müddət klublar ona yaxın durmayacaqlar. O, məndən bir şans istədi. Mən həm məşqçiyəm, həm də atayam. Bu yaşda Aqşinin o hərəkəti düşünmədən etdiyini fikirləşdim. Onu bir futbolçu kimi itirmək bizə başucalığı gətirməz. Dağıtmaq asandır, qurmaqsa çətin. Onu tərbiyələndirmək məqsədi ilə çağırmışam. Düşünürəm ki, bunun ona xeyri dəyəcək.
– Yoxlama oyunlarında futbolçulardan istədiyinizi ala bilmisinizmi?
– İlk görüşü iyunun 12-də keçirdik. Ağır məşqlər nəticəsində yorğunluq vardı. Bu fonda oynamaq asan deyildi. Ona görə də onlar istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Gürcüstanın eyni yaş qrupundan ibarət yığması ilə ikinci oyun iyunun 15-də baş tutdu. Bu dəfə daha yaxşı çıxış etdik. Əvvəlcə hesabı biz açdıq. Fərid Nəbiyev fərqləndi. Bundan sonra da çoxsaylı qol vəziyyətləri yaratdıq. Əgər onlardan istifadə edə bilsəydik, 2-3 top fərqi ilə qalib gələrdik. Lakin bizim komandada hücumda dişsizlik var. Sonra isə adi epizodlarda iki qol buraxıb məğlub olduq. Buna baxmayaraq, oyundan razı qaldım. Bütün qarşılaşmaların videolarına baxır, təhlillər aparırıq. Hazırda bir yaxşı hücumçuya ehtiyacımız var.
– Qazaxıstandakı turnirdəki hədəfləriniz nədir?
– Yarışa ciddi hazırlaşırıq. Futbolçular da özlərini göstərmək arzusundadırlar. Qrupda Rusiya-2, Belarus və Gürcüstan komandaları ilə qarşılaşacağıq. İlkin hədəfimiz finala çıxmaqdır.
– Gələcək planlarınız necədir?
– Bayaq qeyd etdiyim ki, futbolçuların hazırlığı məni qane etmir. Ona görə də iyul ayında təlim-məşq toplanışı olacaq. Uşaqların fiziki və funksional hazırlığını qaldırmağa çalışacağıq. Avqust ayında Ukraynaya gedəcəyik və bu ölkədə təlim-məşq toplanışı keçirməklə yanaşı, yoxlama oyununda da qüvvəmizi sınayacağıq. Sentyabrda isə Moldovaya yollanacağıq. Orda yerli komandayla iki yoxlama görüşü keçirməyimiz nəzərdə tutulub.