- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Mansur Dadaşov | mansurdadashov79@gmail.com
72 il öncə Ağdamın “Məhsul” adında bir futbol klubu təsis edildi. Sonradan “Şəfəq” və “Kooperator” adların da daşıyan komanda, 1987-ci ildə vətənpərvər insanların təklifi nəticəsində “Qarabağ” adını aldı. “Köhlən atlar” artıq bütün qarabağlıların komandası olmuşdu. Yaxşı xatırlayıram, o illərdə “İmarət” stadionunda Gəncə “Kəpəz”ini qəbul edirdi. Oyunu izləməyə getmişdim. Bu qarşılaşmaya Ağcabədidən, Şuşadan gələnlər də vardı. Bu ad dəyişikliyi ilə Ağdamın komandası bütün bölgənin təmsilçisi ola bilmişdi.
“İntertoto” kubokunda İsraildə 2:1 qalib gəldiyimiz və Bakıda “Makkabi”yə 0:1 uduzduğumuz və 2 oyunun nəticəsinə görə mərhələ adlayan klub hələ də qarabağlıların sevimlisi idi. Ta ki, “Azərsun Holdinq” bu “sıradan” komandaya sahib çıxanacan. Bir də gördük, komandanın adı dəyişib “Qarabağ Azərsun” olub. Tamaşaçılar da birdən-birə dəyişmişdi. Tribunalarda günəbaxan çərdəyi yeməyə gələnlərin çoxu “Azərsun”in işçiləriydi. Nəysə ki, bu xata uzun sürmədi. “Qarabağ” öz sevilən adıyla meydanlara qayıtdı və çevrəsini bir bölgədən bütün ölkəyə genişləndirdi. Onu bakılı da sevdi, şəkili də, hətta rəqib gəncəli də. Axı Qarabağ sadəcə qarabağlıların dərdi deyildi…
Kapitan Rəşad Sadıqovun vurduğu qolla Norveç “Rosenborq”unu keçən “Qarabağ”, pərəstişkar auditoriyasını qitə miqyasında genişlətməyə başladı. Oyunlardan-oyuna, ildən-ilə Azərbaycan vətəndaşı olmayan fanatları artdı. Bu sıraya ilk qoşulanlar Türkiyə vətəndaşlarıdır. Keçən gün işə gedərkən, Afrika əsilli isveçli tanışımla rastlaşdım. Keçmişdə, çox güman, müsəlman olduğu səbəbindən Türkiyə klublarına azarkeşlik edirmiş. İndi isə olub “Qarabağ”lı. Deyir, “Göteborq” – “Qarabağ” oyunundan sonra bizim komandanı sevməyə başlayıb. Avroliqada təmsilçimizin hər oyunun izləyən Bosniya və Ukrayna tatarı tanıyırdım. Onların azarkeşliyin başa düşürdüm. Lakin sən demə, bir vaxtlar Ağdamın, sonralar “Qarabağ”ın, böyüyüb bütün Azərbaycanın sevimli klubu olmağı bacaran Qurban Qurbanovun klubu çoxdan bütün qitə futbolsevərlərinin diqqət mərkəzindəymiş. Klub prezidenti Tahir Gözəl doğru söyləyirmiş: “Qarabağ” Avropada brenddir!